Oktyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə “Azərsun Holdinq”in əməkdaşlığı çərçivəsində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün təlim keçirilib.
Gununsesi.info xəbər verir ki, təlimin məqsədi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı haqqında jurnalistləri məlumatlandırmaq və onların kənd təsərrüfatı sahəsində biliklərini artırmaq olub.
Maraqlı bir komanda ilə İmişliyə yola düşürük. Yolüstü səhər yeməyimizi edib, yolumuza davam edirik. İmişli rayonuna çatanda yerli sakinlərin mehribanlığı ilk andan diqqətimi çəkir. İnsanların səmimi münasibəti xoş təəssürat yaradır. İmişlidə belə böyük bir zavodun fəaliyyət göstərməsi də bir azərbaycanlı kimi məni çox sevindirir.
Zavoda çatanda diqqətimi ilk cəlb edən burada çalışan işçilər olur. Hər kəs öz işinin başındadır. İşçilərin məsuliyyətlə və sevə-sevə çalışması müəssisədəki gündəlik iş mühitini yaxından görməyə şərait yaradır.
İmişli Şəkər Zavodu 2006-cı il martın 23-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Müəssisə şəkər istehsalı sahəsində ölkəmiz üçün olduqca əhəmiyyətli yer tutur. Zavod 400 min ton şəkər emal edir. 2026 -ci ildə 216 milyon manatlıq şəkər istehsal olunub.

Zavodda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiyada istehsal olunan avadanlıqlardan istifadə edilir.
Müəssisə bölgədə yaşayan insanların işlə təmin olunmasına əhəmiyyətli dərəcədə yardım edir. Zavodun fəaliyyəti İmişlidə məşğulluğun artması baxımından əhəmiyyətlidir.
Rəhbərliklə tanışlıq və çay süfrəsinin ardınca müəssisədə jurnalistləri Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) Proses və Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Məhəmməd Abışov qarşılayır.
O jurnalistlərə zavodun fəaliyyəti, şəkər çuğundurunun qəbulu və emalı, eləcə də şəkər istehsalının mərhələləri barədə məlumat verib:
“Zavod iki əsas sahədən — xam şəkər istehsalı və rafinasiya sahələrindən ibarətdir. Birinci sahədə şəkər çuğunduru qəbul edilir, yuyulur, təmizlənir və emal olunaraq şərbət alınır. Rafinasiya sahəsində isə həmin şərbətdən kristal şəkər istehsal edilir və məhsul anbarlara göndərilir.
Şəkər çuğundurları tarlalardan toplanaraq zavoda gətirilir. Əvvəlcə yük maşınları tərəzidə çəkilir, sonra laboratoriyada çuğundurun şəkərlilik göstəriciləri müəyyənləşdirilir. Bu məlumatlar sistemə daxil edildikdən sonra maşınlar boşaltma sahəsinə yönləndirilir. Avtomatik qurğular vasitəsilə boşaldılan çuğundurlar silolara yığılır. Boşaltmadan sonra yük maşınları yenidən çəkilir və qəbul edilən məhsulun xalis çəkisi hesablanır.
Daha sonra silolardakı şəkər çuğundurları emal sahəsinə göndərilir, yuyulur, təmizlənir və istehsal prosesinə daxil edilir”.
Məhəmməd Abışov istehsal prosesinin qapalı şəraitdə aparıldığını qeyd edərək jurnalistlərə qurğu və avadanlıqlar barədə də ətraflı məlumat verib.
Zavodda istehsal prosesi ilə yaxından tanış olub lazımi məlumatları əldə etdikdən sonra təlimə başlayırıq.
“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək holdinqin fəaliyyəti, əsas iş istiqamətləri, kənd təsərrüfatı və qida sənayesi sahəsində gördüyü işlər barədə məlumat verir. O, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının əhəmiyyətindən, bu sahələrin inkişafındakı rolundan danışır.
Daha sonra Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı haqqında məlumat verib. Təlim zamanı kənd təsərrüfatının inkişafı, bitkilərin zərərvericilərdən qorunması, kənd təsərrüfatı texnikasına nəzarətin yaxşılaşdırılması və heyvan cinslərinin keyfiyyətinin artırılması kimi məsələlər müzakirə olunub.
Rəşad Mehdizadə kənd təsərrüfatında bitki mühafizəsi və heyvan xəstəliklərinə qarşı mübarizədən danışdı. O, bitkilərin mütəmadi yoxlanılması, xəstəlik və zərərvericilərin vaxtında aşkarlanması, eləcə də zəruri hallarda karantin tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb. Həmçinin heyvanlar arasında yayılan təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və digər qabaqlayıcı tədbirlər barədə məlumat verib.
Proqramın digər hissəsi aqrar sahəyə aid termin və anlayışların izahına həsr olunub. Aqrar Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev “Media nümayəndələrinin aqrar sahə ilə bağlı biliklərinin artırılması: aqrar terminlər və anlayışlar” mövzusunda təqdimatla çıxış edib.
O, jurnalistlərə aqrar jurnalistikanın məqsədi, xəbərlərin hazırlanması zamanı diqqət yetirilməli məqamlar və yol verilən əsas səhvlər barədə məlumat verib.
Təqdimatda kənd təsərrüfatı ilə bağlı xəbərlərin dəqiq və anlaşıqlı hazırlanmasının, məlumatların etibarlı mənbələrdən yoxlanılmasının, statistik göstəricilərin düzgün təqdim edilməsinin və aqrar terminlərin yerində işlədilməsinin vacibliyi vurğulanıb.
Həmçinin jurnalistlərin məlumatları yoxlamadan dərc etməməsi, məhsuldarlıqla ümumi istehsal həcmini qarışdırmaması, subsidiya şərtlərini dəqiqləşdirməsi və xəbərlərdə bütün tərəflərin mövqeyini nəzərə alması qeyd olunub.
Qeyd edək ki, təqdimatın məqsədi jurnalistlərin aqrar sahə üzrə biliklərini artırmaq və kənd təsərrüfatı ilə bağlı xəbərlərin daha dəqiq hazırlanmasına kömək etmək olub.
Tədbirin sonunda isə mövzuların daha yaxşı mənimsənilməsi və jurnalistlərin biliklərinin yoxlanılması məqsədilə aqrar biliklər üzrə sorğu keçirilib. Hər kəs mövzu ilə bağlı fikirlərini bölüşdü. Jurnalistlərə sertifikatlar təqdim olunub.
Nahardan sonra xoş təəssüratla Bakıya qayıdırıq.
Düşünürəm ki, bu cür təlimlərin təşkili olduqca vacibdir. Müasir dövrdə jurnalistlərin müxtəlif sahələr üzrə biliklərini artırması, yeni məlumatlar əldə etməsi və peşə bacarıqlarını inkişaf etdirməsi mühüm əhəmiyyət daşıyır.
“Azərsun Holdinq”in media nümayəndələrini mütəmadi olaraq diqqətdə saxlaması, onlar üçün müxtəlif sahələr üzrə təlimlər təşkil etməsi təqdirəlayiqdir. Jurnalistlərin bilik və bacarıqlarının artırılmasına verdiyi dəstəyə görə “Azərsun Holdinq”ə təşəkkürümüzü bildiririk.

Şəbnəm Rəhimova












