Politoloq Turan Rzayev Türkiyədə PKK terror təşkilatının lideri Abdullah Öcalanın İmralı adasında onun üçün hazırlanmış yeni iqamətgahına köçməsi ilə bağlı yayılan məlumatları şərh edib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, Öcalanın yeni iqamətgaha köçməyə razılıq verməsi Türkiyədə həyata keçirilən “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi baxımından diqqətçəkən məqamdır.
T.Rzayevin fikrincə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Abdullah Öcalanın azadlığa buraxılmasında maraqlı olsa da, bunun Türkiyə cəmiyyətində ciddi narazılıq yaradacağından ehtiyatlanır. Bu səbəbdən prosesin mərhələli şəkildə həyata keçirildiyini düşünür.
Politoloq qeyd edib ki, Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılması adı altında onun üçün faktiki olaraq villa inşa edilməsi cəmiyyətdə birmənalı qarşılanmaya bilər.
Onun qənaətinə görə, Abdullah Öcalanın azadlığa buraxılması AKP hakimiyyətinin nüfuzuna ciddi zərbə vura, eyni zamanda Türkiyənin gələcək təhlükəsizliyi və siyasi sabitliyi baxımından yeni problemlər yarada bilər.
Turan Rzayev hesab edir ki, Öcalanın azadlığa buraxılması onun tərəfdarları arasında qəhrəmanlaşdırılmasına və simvola çevrilməsinə şərait yarada bilər.
O, Öcalanın həm türklər, həm də kürdlər arasında baş vermiş qanlı qarşıdurmalarda rolunu xatırladaraq, bu addımın cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirə biləcəyini vurğulayıb.
Politoloq yazısını “Kırk yıllık Kani olur mu yani?” ifadəsi ilə tamamlayaraq bildirib: “Təcrübə göstərir ki, terrorçuların və separatçıların yeri həbsxanadır!”











