Azərbaycanın ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və humanitar dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini, milli inkişaf yolunu, multikultural dəyərlərini və sülhə dair yanaşmasını bir daha diqqətə çatdırdı. Dövlət başçısının fikirləri göstərdi ki, mədəniyyətlərarası dialoq Azərbaycan üçün həm dövlət siyasətinin, həm də xarici əlaqələrin mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi və tarixi-mədəni mövqeyinə də diqqət çəkib. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və ənənələrin qarşılıqlı təmasda olduğu məkan kimi tanınıb. Bu təcrübə Azərbaycanda fərqli mədəniyyətlərin yanaşı yaşamasına və qarşılıqlı hörmətə əsaslanan ictimai dəyərlərin formalaşmasına şərait yaradıb.
Ölkə başçısının çıxışında Azərbaycanın sülh mövqeyini bir daha diqqətə çatdıraraq bildirib ki, Azərbaycan qalib tərəf olmasına baxmayaraq, müharibədən sonra dərhal sülh təşəbbüsü ilə çıxış edib və işğala son qoyduqdan sonra qarşı tərəfdən qisas almaq niyyətində olmayıb.
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, bu, təkcə İrəvana deyil, bütövlükdə dünyaya ünvanlanmış mesaj və bəyanat idi.

“Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad edib və sülh əldə etmək təşəbbüsü ilə çıxış edib. Ancaq biz bu sülhün pozulmasına imkan verməyəcəyik. Bu, eyni zamanda, Ermənistanın Azərbaycanın sülh gündəliyinə uyğun addımlar atması üçün çağırışdır.
Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təəssüf ki, son vaxtlar bu ölkədə revanşist fikirlərin gücləndiyini görürük. Əvvəllər belə çağırışlar əsasən Erməni kilsəsi, bəzi keşişlər, erməni diasporu və lobbilər tərəfindən səsləndirilirdi. Ancaq indi revanşist meyillərin Ermənistan hakimiyyəti və ictimaiyyəti arasında da yayılması narahatlıq doğurur.
Prezident İlham Əliyev də çıxışında bu məqama diqqət çəkdi. Azərbaycan sülh gündəliyi ilə çıxış edib, sülh müqaviləsinin layihəsinin hazırlanmasına və dövlətlərarası münasibətlərin qurulmasına təşəbbüs göstərib. Azərbaycan bu addımları atmasaydı, ötən il sülh müqaviləsinin layihəsi paraflanmazdı. Eyni zamanda, torpaqlarımız işğaldan azad edilməsəydi, bu gün Zəngəzur dəhlizi və regionda yeni nəqliyyat əlaqələri barədə danışmaq mümkün olmazdı.
Ermənistan yaranmış vəziyyəti düzgün qiymətləndirməli və sülh gündəliyinə uyğun davranmalıdır. Prezidentin bu fikirləri məhz mədəniyyətlərarası dialoq platformasında səsləndirməsi də mühüm məna daşıyır. Bu, Azərbaycanın qarşıdurmanı deyil, sülhü, əməkdaşlığı və müxtəlif mədəniyyətlərin bir arada yaşamasını dəstəklədiyini göstərir”,-deyə deputat əlavə edib.
O vurğulayıb ki, Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin toqquşması deyil, onların qarşılıqlı əlaqəsi və əməkdaşlığı mövqeyindən çıxış edir:
“Ermənistan revanşist meyillərə qapılmadan Azərbaycanın sülh təklifini qəbul etməli və yaranmış fürsətdən istifadə etməlidir.
Dünyada və regionda baş verən hadisələr geosiyasi vəziyyətin daim dəyişdiyini göstərir. Ermənistan bu mürəkkəb vəziyyətdən yararlanaraq qeyri-müəyyənlik yaratmağa çalışmamalıdır. 44 günlük müharibədə Azərbaycanın hərbi gücünü görən Ermənistan yenidən gərginliyə səbəb ola biləcək addımlardan çəkinməlidir.
Azərbaycan xalqının hisslərinə toxunan bəyanatlar, ölkənin Konstitusiyasında ərazi iddialarının qalması və sülh müqaviləsinin imzalanmasının qeyri-müəyyən müddətə saxlanılması sülh prosesinə müsbət təsir göstərmir. Ermənistan bu məsələlərdə konkret mövqe ortaya qoymalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Prezident çıxışında ötən ilin yayında paraflanmış sülh sazişi layihəsinin də Azərbaycan tərəfindən hazırlandığını bildirib. O qeyd edib ki, Ermənistanla sülh sazişinin təşəbbüskarı Azərbaycan olub. Bunun səbəbi sonsuz müharibə istəməmələri və qisas almaq niyyətində olmamalarıdır.
Prezident vurğulayıb ki, emosiyalar da nəzərə alınmalıdır:
“Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə, bu, sonsuz müharibəyə çevrilər”.
Tural Gəncəliyev Prezidentin çıxışına münasibət bildirərək Azərbaycanın münaqişələrin həlli ilə bağlı təcrübəsinin dünya üçün əhəmiyyətindən də danışıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin “Biz sonsuz müharibə istəmirik” ifadəsi xüsusi diqqət çəkir:
“Bu gün görürük ki, dünyada bəzi münaqişələr sanki sonsuz xarakter alır. Müharibələrin və münaqişələrin dayandırılması istiqamətində Azərbaycanın təcrübəsi dünyaya necə nümunə ola bilər?
Azərbaycanın təcrübəsi münaqişələrlə üzləşən ölkələr üçün əhəmiyyətli ola bilər. Bu gün bizim coğrafiyamızda baş verənlərə nəzər salaq. Şimalda Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Yaxın Şərqdə, İran ətrafında yaranmış vəziyyətin də müsbət sonluqla başa çatacağı bəlli deyil.
Belə çətin şəraitdə Azərbaycan dərin dövlət ağlı və strateji baxışı ilə münaqişəni vaxtında həll etdi. Prezidentimizin də qeyd etdiyi kimi, heç kim bizə mane olmurdu ki, üçüncü Zəfər tağını İrəvan şəhərində inşa edək. Bəs buna kim mane ola bilərdi? Ancaq biz sülhün əldə olunmasını, bölgədə əmin-amanlığın bərqərar olmasını istədik. Buna görə də Ermənistan yaranmış fürsətdən istifadə etməlidir.
Vaxtilə torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən Ermənistan baş verənlərə görə məsuliyyət daşıyır. Ermənistan törətdiyi ağır cinayətlərə baxmayaraq, Azərbaycanın sülh təşəbbüsünü yüksək qiymətləndirməlidir. Azərbaycan xalqına və dövlət başçısına təşəkkür etməlidir ki, müharibədə tökülən qanların qisası Prezidentin də qeyd etdiyi kimi, döyüş meydanında alındı. Biz mülki şəxslərə və mülki obyektlərə toxunmadıq.
Azərbaycan nümunəsi dünyaya müharibəni sülhə çevirməyin mümkün olduğunu göstərir. Təəssüf ki, bu gün böyük güclər öz siyasi maraqlarından və bəzən emosional yanaşmalarından çıxış edərək münaqişələri daha da qızışdırırlar. Eyni dinə və məzhəbə mənsub insanların yaşadığı Rusiya və Ukrayna arasında gedən müharibənin şahidiyik. Dövlətlərin bir-birinə qarşı silah işlətməsi, insanların həyatını itirməsi ciddi narahatlıq doğurur.
Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh əlini uzatdı. Başqa bir dövlət Ermənistanın törətdiyi cinayətlərin miqyasını nəzərə alaraq fərqli mövqe tuta bilərdi. Xocalıda bir gecədə 613 dinc sakinin qətlə yetirildiyini nəzərə alsaq, Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsi xüsusi əhəmiyyət daşıyır.
Biz sülh sazişi layihəsini hazırladıq və ötən il Vaşinqtonda onun paraflanmasına nail olduq. İndi isə qarşıda yeni imkanlar var. Nəqliyyat və kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizi bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Ermənistan vaxtilə 10 noyabr 2020-ci il tarixli bəyanat imzalanarkən Zəngəzur dəhlizinə tərəddüdlə yanaşır, hətta “Sülh kəsişməsi” adlı alternativ layihələr təklif edirdi. Ancaq indi özləri də anlayırlar ki, dünya elə bir istiqamətdə inkişaf edir ki, nəqliyyat və kommunikasiya xətləri üzərində yerləşən ölkələr bundan fayda əldə edirlər.
Azərbaycan Şərq-Qərb Orta Dəhlizinin üzərində yerləşən ölkədir. Nəqliyyat yollarının ölkəmizin ərazisindən keçməsi bizim üçün mühüm üstünlükdür. Ermənistan da bu reallığı nəzərə almalıdır və mövcud yanaşmasını dəyişməlidir.
Ermənistan Zəngəzur marşrutunun öz ərazisindən keçməsini suverenliyinə qarşı addım kimi qiymətləndirməməlidir. Bu cür yanaşma nəqliyyat əlaqələrinin inkişafına mane olur. Ermənistan anlamalıdır ki, regional əməkdaşlıq və iqtisadi imkanlardan faydalanmaq üçün qarşılıqlı etimad və praqmatik yanaşma vacibdir”.

Günay Mahirqızı












