Bu gün də Azərbaycanda bəzi heykəllərin üzərində kiril əlifbası ilə yazılmış mətnlərə rast gəlinir. Belə abidələrdən biri də Bakıda ucaldılan Səməd Vurğunun heykəlidir.
Heykəlin postamentində şairin adı, soyadı və şeirindən bir parça hələ də kiril əlifbası ilə yazılıb. Hazırda Azərbaycanda latın qrafikalı əlifbadan istifadə olunsa da, abidənin üzərindəki yazılar indiyədək yenilənməyib.
Bəs bu yazıların kiril qrafikasında saxlanılmasının səbəbi nədir? Onların Azərbaycan dilinin hazırda istifadə olunan latın qrafikasına uyğunlaşdırılması niyə nəzərdə tutulmur?
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.
Gununesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov isə hesab edir ki, heykəlin üzərindəki yazıların kiril qrafikasında qalması diqqətdən kənarda qalmış məsələ ola bilər.

Onun sözlərinə görə, abidələrə kompleks şəkildə yanaşılmalı, onların hamısı nəzərdən keçirilməli və bu istiqamətdə müvafiq addımlar atılmalıdır.
“Kitabların latın qrafikasına keçirildiyi və bu prosesin həyata keçirildiyi nəzərə alınaraq, abidələrin üzərindəki yazılar məsələsi də diqqətdə saxlanılmalıdır. Bəzi yazıların tarixi əhəmiyyətinə görə qorunub saxlanılması və ya abidəyə zərər vurmamaq məqsədilə dəyişdirilməməsi ehtimalı da var. Belə məsələləri Mədəniyyət Nazirliyi müəyyənləşdirməlidir”,-deyə deputat əlavə edib.
Ceyhun Məmmədov vurğulayıb ki, bütün abidələrin üzərindəki yazılar latın qrafikası ilə olmalı və bu istiqamətdə müvafiq işlər görülməlidir.
Firuzə Mahmudova












