Xəbər verdiyimiz kimi, “Qarabağ” Misli Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə 0:0 hesablı heç-heçə edib.
Gununesi.info xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv var idi. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaşacağıq.
– İlk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə oldu. Onları cəzalandıracaqsınız?
– Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var. Bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir.









