Azərbaycanın dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib.
Gununesi.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.











