Abidələrdəki kiril yazıları ilə bağlı nazirlikdən AÇIQLAMA

Səməd Vurğunun heykəlinin postamentində şairin adı, soyadı və şeirindən bir parçanın kiril əlifbası ilə yazılması ilə bağlı xəbər yaymışdıq.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərərək yazıların niyə dəyişdirilmədiyini və latın əlifbasına keçirilməsinin nəzərdə tutulub-tutulmadığını soruşmuşduq.

Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, məsələnin aidiyyəti komissiyada mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılması nəzərdə tutulur.

“Abidələr üzərində kiril qrafikası ilə yazılmış mətnlərlə bağlı məsələyə hər bir abidənin tarixi-mədəni xüsusiyyətləri, yazıların aid olduğu dövr və onların abidənin ayrılmaz hissəsi olub-olmaması nəzərə alınmaqla yanaşılmalıdır.

 Müvafiq yanaşma ekspert rəyləri və tövsiyələri əsasında müəyyənləşdiriləcək. Bu zaman abidələrin ilkin orijinallığının və tarixi görkəminin qorunması ilə yanaşı, məlumatların müasir Azərbaycan əlifbasında da təqdim edilməsi imkanları nəzərdən keçiriləcək”.

 

 

Firuzə Mahmudova

Gununesi.info