Kino xadimi Eldəniz Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son qurultayın nəticələri və Ədliyyə Nazirliyinin bu prosesə münasibəti ilə bağlı sərt açıqlama ilə çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, Eldəniz Quliyev bildirib ki, 160 kino xadiminin iştirakı ilə keçirilmiş qanuni qurultayın nəticələri tələsik ləğv edilsə də, onun iddiasına görə, 20-30 nəfərin iştirakı ilə keçirilmiş və ciddi qanun pozuntularının olduğu iddia edilən digər toplantının nəticələri Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib.
Quliyev qeyd edib ki, 55 kino xadiminin imzası ilə şəxsən ədliyyə nazirinə ünvanlanan müraciətdə İttifaqın son qurultayında baş verdiyi bildirilən qanun pozuntuları sənədlərlə əsaslandırılıb.
Onun sözlərinə görə, müraciətə saxtakarlıq iddialarını əks etdirən video materiallar da əlavə olunub.
Kino xadimi Ədliyyə Nazirliyinin müraciətə verdiyi cavabı da tənqid edib.
O bildirib ki, nazirlik şikayətçilərə faktiki olaraq özündən şikayət etməyi tövsiyə edib.
Eldəniz Quliyev baş verənləri hüquqi nihilizmin təzahürü kimi qiymətləndirərək, qurultay ətrafında yaranmış vəziyyətin Azərbaycan milli kinematoqrafiyasının gələcəyi üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
O, həmçinin iddia edib ki, hazırkı prosesdə qalib gələn tərəf vaxtilə Ramiz Mehdiyevin Rüstəm İbrahimbəyova qarşı formalaşdırdığı komanda ilə bağlıdır.
Quliyev açıqlamasının sonunda baş verənlərə görə təəssüfünü ifadə edərək, yaranmış vəziyyətin Azərbaycan milli kinosuna ağır zərbə vuracağından narahatlığını bildirib.
Elmar











