Azərbaycan vətəndaşı Şənlik Şükürovun adı Böyük Britaniya, Ukrayna və Avstraliyanın sanksiya siyahılarına daxil edilib.
Gununsesi.info özəl araşdırması zamanı məlum olub ki, Şükürovla bağlı sanksiya qərarları Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər çərçivəsində qəbul olunub.
Bununla yanaşı, xarici mediada onun İranın pilotsuz uçuş aparatları üçün elektron komponentlərin tədarükü ilə əlaqəsinə dair iddialar da yayılıb.
Böyük Britaniya hökumətinin 12 sentyabr 2025-ci il tarixli sanksiya sənədində Şənlik Şükürovun adı, eləcə də “Mastel Makina İthalat İhracat Limited Şirketi” ayrıca göstərilib.
Həmin gün yayımlanan rəsmi açıqlamada Şükürov “Mastel Makina” şirkətinin azərbaycanlı baş direktoru kimi təqdim olunub. Britaniya hökumətinin məlumatına görə, şirkət Rusiya ordusu üçün əhəmiyyətli elektron komponentlərin təchizatında iştirak edən qurumlar sırasındadır. Qeyd olunub ki, bu kateqoriyadan olan elektronika Rusiyanın “İskəndər” və “X-101” raketlərində, eləcə də pilotsuz uçuş aparatlarında istifadə edilir.

Şükürovun adı Ukraynanın da sanksiya sənədlərində yer alıb. Ukrayna Prezidentinin 26 dekabr 2025-ci il tarixli 997/2025 nömrəli fərmanı ilə təsdiqlənən siyahıda onun adı fiziki şəxslər üzrə əlavənin dördüncü sırasında göstərilib.
Qərara əsasən, Şükürov barəsində 10 il müddətinə aktivlərin bloklanması, viza məhdudiyyətləri və Ukraynaya giriş qadağası nəzərdə tutulub. Sənəddə onun adının “Shukurov Shanlik” və “Shukur Fatih” variantları da qeyd edilib.
Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin sanksiya siyahısında da Şükürovla bağlı qeyd mövcuddur. 8916 nömrəli qeyddə onun adı “Shanlik Shukorov”, alternativ variantlardan biri isə “Shanlik Shukurov” kimi göstərilib. 24 sentyabr 2026-cı ildə siyahıya daxil edilən Şükürova qarşı hədəfli maliyyə sanksiyaları və səyahət qadağası tətbiq olunub.
İran dronları ilə bağlı iddialar
Şükürovun adı yalnız Rusiyaya qarşı sanksiyalar kontekstində deyil, İranın pilotsuz uçuş aparatları ilə bağlı xarici media materiallarında da hallanır.
First Truth & Transparency Committee (FTTC) saytının 13 avqust 2026-cı il tarixli araşdırmasında iddia olunur ki, radioelektron mübarizə vasitələrinə qarşı dayanıqlığı artıran elektron komponentlər Dubay hava limanına və Birləşmiş Ərəb Əmirliklərində yerləşən bir göydələnə hücum edən İranın “Şahed” dronlarında istifadə olunub. Nəşr həmin komponentlərin təchizatı ilə bağlı əlaqələrdən bəhs edərkən Şənlik Şükürovun da adını çəkib.
Qeyd edək ki, bu məlumatlar FTTC-nin irəli sürdüyü iddialardır.
FTTC-nin materialı sonradan bir sıra xarici internet resurslarında da yayımlanıb. InView, MediaHub, “Компромат”, “РуМафия”, “Картотека” və “Власть” saytlarında dərc olunan yazılarda eyni əsas iddialar təkrarlanıb və ilkin mənbə kimi FTTC-yə istinad edilib.
Şənlik Şükürovun xarici ölkələrin sanksiya siyahılarına daxil edilməsi və onun adı ətrafında yayılan iddiaların Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb-araşdırılmadığı barədə təsdiqlənmiş məlumat yoxdur.
Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin məsələyə münasibəti mövcud suallara aydınlıq gətirə bilər.
Şənlik Şükürovun özü isə Gununsesi.info-nun sorğusuna əvvəlcə cavab vermək istəməsə də, sonradan bildirib ki, sanksiyaya düşən türk şirkətinə görə adı çəkilib.
Pərviz Həşimli
Gununsesi.info










