“Bu gün ortada olan problemlər daha çox Tehran hakimiyyətindən qaynaqlanır. Çünki İran rəhbərliyi inadkarlıq edir. Ölkə iqtisadiyyatının zəiflədiyi, işsizliyin artdığı, ərzaq və gündəlik tələbat mallarının qiymətlərinin yüksəldiyi bir vaxtda Tehran nüvə proqramını davam etdirməkdə israr edir”.
Bu fikirləri Gununesi.info–ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:

“Düzdür, bunun da müəyyən səbəbləri var. Çünki İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları ABŞ-la danışıqlarda müəyyən siyasi vasitə kimi istifadə olunur. ABŞ isə bölgədəki maraqlarını təmin etmək üçün artıq güc tətbiq edib. Gələcəkdə yenidən güc tətbiq etməsi də istisna deyil.
Bu nə deməkdir? Bu o deməkdir ki, İranla ABŞ arasında münasibətlərin normallaşmasına mane olan əsas qüvvələrdən biri İran İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). SEPAH-ın ayrı-ayrı rəhbərləri və rəsmiləri bəyan edirlər ki, müharibə başlayarsa, onun gedişini artıq ABŞ müəyyən edəcək. Onlar müharibənin Avropaya qədər yayıla biləcəyini də bildirirlər.
Bütün bunlar onu göstərir ki, İran hakimiyyətində SEPAH-a yaxın qüvvələr diplomatik danışıqlardan daha çox gücə üstünlük verirlər. Buna görə də danışıqlar nəticə vermir.
İranda şərti olaraq iki qrupun – danışıqlar və müharibə tərəfdarlarının mövcud olduğu görünür. Bir tərəfdə Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi, Avropa və ABŞ-la danışıqların tərəfdarı olan qüvvələr dayanır.
Digər tərəfdə isə SEPAH və onun dəstəyi ilə hakimiyyətə gəlmiş Ali Rəhbər Müctəba Hüseyni Xamenei ilə bağlı qüvvələr yer alır. Bu düşərgənin mövqeyi daha çox sərt xəttin davam etdirilməsinə əsaslanır.
Yeni yanaşma kimi isə «nə sülh, nə müharibə» fikri irəli sürülür. İran hakimiyyəti ortaq mövqe və qəbul edilə bilən təklif ortaya qoya bilmədiyi üçün ABŞ-la danışıqlarda irəliləyiş əldə olunmur”.
Şəbnəm












