Əmlakın qanunsuz zəbt edilməsi: Mülkiyyətçinin hüquqları necə qorunur?

Əmlakın qanunsuz zəbt edilməsi bu gün mülkiyyət hüquqlarının müdafiəsi baxımından diqqət tələb edən məsələlərdən biridir. Mülkiyyət hüququ hər bir şəxsin əsas hüquqlarından biridir və qanunla qorunur. Bu hüquq insana öz əmlakına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərbəst qərar vermək imkanı yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən qorunması təsbit olunub. Bu o deməkdir ki, heç kəs başqa şəxsin əmlakını qanunsuz olaraq ələ keçirə, ondan icazəsiz istifadə edə və ya mülkiyyətçinin hüquqlarını məhdudlaşdıra bilməz.

Əmlakın qanunsuz zəbt edilməsi hansı hallarda baş verir?

Qanunsuz zəbt dedikdə, şəxsin özünə məxsus olmayan torpaq sahəsini və ya başqa daşınmaz əmlakı hüquqi əsas olmadan tutması, hasarlaması, sərhədlərini dəyişməsi və ya həmin əmlakdan icazəsiz istifadə etməsi nəzərdə tutulur.

Təcrübədə belə hallara daha çox torpaq sahəsinin özbaşına hasarlanması, qonşunun ərazisinin zəbt edilməsi, başqasına məxsus mənzilə və ya qeyri-yaşayış sahəsinə qanunsuz yerləşmə, eləcə də torpaq sahəsində müvafiq hüquq olmadan tikinti aparılması zamanı rast gəlinir.

Bəzən mülkiyyətçinin əmlakına sahib olması davam etsə də, onun həmin əmlakdan istifadə etməsinə maneələr yaradılır. Belə hallar da mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər.

Qanun mülkiyyətçiyə hansı hüquqları verir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsi üçün mühüm hüquqi əsasdır. Həmin maddəyə görə, mülkiyyətçi öz hüququnun tanınmasını, əmlakının qanunsuz sahiblikdən geri qaytarılmasını və əmlakından istifadəyə mane olan halların aradan qaldırılmasını tələb edə bilər.

Mənim fikrimcə, burada əsas məsələ yalnız zəbt olunmuş əmlakın geri qaytarılması deyil. Eyni zamanda, hüquq pozuntusunun nəticələri aradan qaldırılmalı, əmlak əvvəlki vəziyyətinə qaytarılmalı və dəymiş zərərin ödənilməsi məsələsinə də baxılmalıdır.

 

 

Fərid Cəfərli 

Əmlak məsələləri üzrə ekspert

Gununesi.info