Rusiya sərhədçiləri Ermənistandan çıxarılır

  • Müəllif: Orxan
  • 02 Noyabr 2026 11:35

Ermənistanın bütün sərhədlərinə nəzarət mərhələli şəkildə ölkənin Sərhəd Xidmətinə təhvil veriləcək.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, bu proses müəyyən islahatlar mərhələsindən keçməlidir.

Xatırladaq ki, Ermənistan sərhədçiləri daha əvvəl Rusiya sərhədçilərinin xidmət apardığı dövlət sərhədinin bəzi hissələrinə və buraxılış məntəqələrinə nəzarəti öz üzərinə götürüblər.

Bunlara “Zvartnots” Beynəlxalq Hava Limanı, İranla sərhəddə yerləşən “Aqarak”, Türkiyə ilə sərhəddəki “Marqara” və “Axurik” buraxılış məntəqələri daxildir.

Bununla belə, İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin erməni hərbçiləri ilə əvəzlənməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Bu, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının resurslarının və imkanlarının inkişafı ilə əlaqələndirilir.

Gununsesi.info