2 milyon pulu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın məhkəməsində əlavə şahidlər dindiriləcək

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iştirak etmədiyindən hakim onun proseslərdə iştirakının vacib olduğunu müdafiə tərəfinə xatırladıb.

Prosesdə şahid qismində xarici şirkətin Azərbaycandakı nümayəndəsi Rövşən Dadaşovun iştirakının təmin edilməsi ilə bağlı İstintaq təcridxanasına müraciət ediləcəyi bildirilib. Qeyd edilib ki, onun barəsində artıq hökm oxunub və bu səbəbə görə də onun iştirakı təmin olunmayıb. Nizami Alışanın vəkili vəsatətə verərək “İnvest.az”ın Müşahidə Şurasının üzvü Ceyhun Abdullayevin şahid qismində çağırılmasını xahiş edib. Vəsatət baxılmamış saxlanılıb. Növbəti proses mayın 29-na təyin olunub.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min dollar, Zeynal Usubovun 945 min dollar, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) təşkil edir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb. İş üzrə zərərçəkən qismində 3 nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıblar.

Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Gununsesi.info