Britaniya kralının doğum günü Bakıda qeyd edilib - FOTOLAR

  • By Günel
  • 19 İyun 2025 21:44

Bu gün Böyük Britaniya kralı III Çarlzın doğum günü münasibəti ilə Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi ziyafət təşkil edib. Azərbaycan hökumətinin, Parlamentinin, ictimai – siyasi sektor və media təmsilçilərinin iştirak etdiyi tədbirdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld çıxış edib.

 Gununsesi.info həmin çıxışı təqdim edir:

-Əziz dostlar, hörmətli qonaqlar, hörmətli Elmar müəllim, hamınız xoş gəlmisiniz.

Gəldiyiniz üçün sizə təşəkkür edirəm. Sponsorlara da, ayrıca təşəkkürlərimi bildirmək istəyirəm.

-Xanımlar və cənablar,

Milli gün nitqləri tez-tez keçmişin əks-sədasıdır.

Böyük Britaniya olaraq Jane Austendən tutmuş  Winston Churchillə qədər mədəniyyətimiz və irsimizlə fəxr edən bir ölkəyik. Ənənəvi milli geyimimdə qarşınızda durmaqdan qürur duyuram. Lakin bugünkü tədbir gələcəyə həsr olunub… Böyük Britaniya və Azərbaycan arasında ortaq gələcəyə… Və o günü artıq qurmağa başlayan insanlara. Gəlin gələcəyə baxmadan əvvəl  bir anlıq keçmişə nəzər salaq. İkitərəfli münasibətlərimizdə son on iki ay möhtəşəm hadisələrlə yadda qaldı. Britaniyanın Azərbaycandakı səfiri kimi ən qürurlu iki həftəm COP iyirmi doqquz zamanı oldu. Böyük Britaniya və Azərbaycan qlobal iqlim məsələsinə cavab vermək üçün birlikdə çalışdılar. Azərbaycan tədbirə mükəmməl ev sahibliyi etdi. Biz bu prosesdə Azərbaycanı dəstəklədik və tədbirin uğurlu nəticəyə gəlməsi üçün əlimizdən gələni etdik. Eyni zamanda, Sir Keir Starmer Azərbaycanə səfər edən vəzifədə olan ilk Britaniya Baş naziri oldu. Mənim iqamətgahım nazirlər və yüksək vəzifəli şəxsləri, biznes liderlərini, universitet və QHT nümayəndələrini qəbul edərək, tipik Airbnb mənzilinə oxşadı.

2025-ci ildə bu günə qədər baş verənlərə nəzər salmaq istəyirəm:

– Yanvar ayında, Azərbaycanda ilk rezident müdafiə ataşemiz – Leytenant Komandir Gavin Tarbardı təyin etdik.

– Aprel ayında Enerji Naziri cənab Pərviz Şahbazovu, iqtisadiyyat və ticarət üzrə Birgə Hökumətlərarası Komissiyamızın iclası üçün Londonda qəbul etdik.

İkitərəfli ticarət və investisiya sahəsində daha yüksək ambisiyaları müəyyənləşdirdik.

– Bu axşam elan edə bilərəm ki, ölkənin sürətlə genişlənən hava yükdaşıma şirkəti “Silk Way West Airnlines” üçün  aerokosmik əməliyyat çərçivəsində UK Export Finance Azərbaycanda ilk dəstəyini həyata keçirib.

– May ayında, Elm və Təhsil Naziri, cənab Emin Əmrullayevi yenidən Londonda Təhsil üzrə Dünya Forumunda qarşıladıq.

– Onun səfərindən sonra, “Vindzor Kral Atçılıq” Şousunda Azərbaycanın heyrətamiz atlarını və atlılarının çıxışını izlədik.

Fergus Auld daha sonra çıxışında bildirib:

– Biz Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqanın səfəri zamanı  Zati-Aliləri cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanmasından məmnun olduq. Azərbaycanın Rusiyanın təcavüzü qarşısında Ukraynanın ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndiririk. Böyük Britaniya olaraq, biz Ukraynanı nə qədər lazımdırsa dəstəkləyəcəyik.

 

-Xanımlar və cənablar, son səkkiz ay möhtəşəm oldu – lakin qarşıda daha gözəl hadisələr baş verəcək.

Böyük Britaniya şirkətləri Qarabağdan Xəzər sahilinə qədər Azərbaycanın gələcək mənzərəsini dizayn etməyə kömək edir.

Enerji əməkdaşlığımızda da, yeni səhifə açılır və biz Azərbaycanın diversifikasiya siyasətinə dəstək veririk.

“British Council’ və Britaniya universitetləri, Lənkərandan Naxçıvana qədər Azərbaycanın müxtəlif universitetləri ilə əməkdaşlıq edirlər.

İstedadlı gənc azərbaycanlılar burada ingilis dilindən tutmuş maliyyə xidmətlərinə qədər Britaniya ixtisaslarına yiyələnirlər ki, bu da onlara peşəkar arzularını həyata keçirməkdə köməklik edəcək. Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması bizi sevindirir. Təhsillərini başa vurduqdan sonra onlar bacarıq və biliklərini ölkənin inkişafına yönəldirlər. Keçən ay iqamətgahımda Böyük Britaniya universitetlərindən məzun olan onlarla Yüksəliş müsabiqəsinin qaliblərini qarşılamaq böyük bir zövq idi.

Səfir azərbaycanlı futbolçuların oyununu bəyəndiyini bildirib:

Keçən ay azərbaycanlı futbol veteranları, amputantlar və qadın futbolçularla əfsanəvi Tofiq Bəhramovun yüz illiyinə həsr olunmuş xüsusi oyunda oynamaqdan böyük həzz aldım.

 

Biz bütün azərbaycanlıların təhlükəsiz, firavan və ədalətli gələcəyə töhfə verə biləcəyini hiss etdiyi inklüziv liderliyi təşviq edirik.

-Xanımlar və cənablar,

İcazə verin gələcəkdən indiki günə qayıdım.

Şimal və cənubda narahatlıq doğuran zamanlardır. Və belə zamanlarda kimlərin zamanla həqiqi dost olduğunu tanımaq lazımdır. Dost dar gündə tanınar. Səfir kimi mənim üçün şərəfdir ki, Azərbaycan belə dostlardan biri kimi Böyük Britaniyaya arxalana bilər.

Çox sağ olun.

Günel

Gununsesi.info