ABŞ Senatı ukraynalı uşaqların geri qaytarılmasını tələb edib

ABŞ Senatında Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı yeni ikipartiyalı qətnamə təqdim edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sənəddə Rusiyanın işğal etdiyi ərazilərdən və ölkə daxilindən qaçırdığı ukraynalı uşaqların geri qaytarılması tələb olunur.

Qətnamə sülh sazişi imzalanmazdan əvvəl bu humanitar məsələnin həllini vacib sayır.

Məlumata əsasən qətnaməni respublikaçı senator Çak Qrassli və demokrat Emi Klobuçar irəli sürüb. Onlara digər tanınmış senatorlar – Rocer Uiker, Coni Ernst, Rik Skott, Dik Durbin və Con Fetterman da qoşulub. Təşəbbüs ictimai təşkilatlar tərəfindən də dəstəklənib.

Sənəddə Rusiyanın təxminən 20 min ukraynalı uşağı ölkədən çıxardığı, onların kimliyinin və mədəni irsinin silinməsi məqsədilə ruslaşdırıldığı qeyd olunur. Senatorların sözlərinə görə, ABŞ bu uşaqların geri qaytarılmasını sülh danışıqlarında ilkin şərt kimi irəli sürməlidir.

Qətnamə, aprel ayında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və dövlət katibi Marko Rubioya ünvanlanan, 40 dini liderin Rusiyanın qaçırdığı ukraynalı uşaqların geri qaytarılmasını tələb etdiyi məktubun davamı kimi təqdim olunur.

İstanbulda Rusiya ilə planlaşdırılan ikitərəfli danışıqlardan öncə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, oğurlanmış ukraynalı uşaqların geri qaytarılması Moskvanın daha geniş razılaşmalara getməzdən əvvəl atmalı olduğu ilk humanitar addımlardan biri olmalıdır.

Qeyd edək ki, mayın əvvəlində Avropa Parlamenti də ukraynalı uşaqların qaytarılması ilə bağlı xüsusi qətnamə qəbul edib.

 

 

Şəbnəm

Gununsesi.info