
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında “Yaşıl Harmoniya: təbiət və gender” mövzusunda tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, “Ekosfera” İctimai Birliyinin dəstəyi ilə baş tutub.
Tədbirin məqsədi təbiət və cəmiyyət arasında harmoniyanı gender bərabərliyi prizmasından dəyərləndirmək, sosial ədalət və ekoloji məsuliyyət anlayışları üzrə ictimai maarifləndirməni artırmaq, təbiətin mühafizəsi və gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş cəmiyyət modelinin formalaşmasına töhfə vermək olub.
Tədbir çərçivəsində “Gender və ətraf mühit qanunvericilik aspektində” mövzusunda maarifləndirici təlim, ətraf mühitə dair interaktiv sessiyalar, məktəblilər üçün master-klasslar təşkil olunub. Eyni zamanda, açıq havada ekoloji təmiz məhsulların sərgi-satış yarmarkası keçirilib.