“Abzas Media” işi üzrə istintaq yekunlaşdı – Prokuror cəza tələb etdi

“Abzas Media” işi üzrə ittiham olunan 7 nəfərin məhkəmə istintaqı yekunlaşıb.

Gununsesi.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror yekun çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, məhkəmə zamanı toplanmış sübutlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamları təsdiqləyir. Bu səbəbdən hər bir şəxs ayrı-ayrılıqda təqsirli sayılmalı və qanunvericiliyin nəzərdə tutduğu şəkildə cəzalandırılmalıdır.

Prokuror konkret olaraq Ülvi Həsənli, Hafiz Babalı və Fərid Mehralızadəyə 12 il, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımovaya isə 11 il həbs cəzası verilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı olub. Onlar və saytla əməldaşlıq edən digərləri Cinayət Məcəlləsinin 7 maddəsi – 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə ittiham edilirlər.

 

 

Gununsesi.info