Azərbaycanı ürəyimizdə aparacağıq, ürəyimizin bir hissəsi də burada qalacaq - Peter Mikalkonun səlahiyyət müddəti başa çatır

4 ildir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri postunu tutan Peter Mikalkonun səlahiyyət müddəti başa çatır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə diplomat Bakıda təşkil etdiyi “Avropa Günü” ziyafətində məlumat verib:

“Bu, Azərbaycanda dörd il işlədikdən sonra Avropa Günü ilə bağlı verdiyim son ziyafətdir. Ona görə də bu gözəl ölkədə mandatım dövründə həyat yoldaşım Mira ilə həyatımızı zənginləşdirən təcrübələrə və qarşılaşdığımız gözəl insanlara görə minnətdarlıq, gözlənilən nostalji hissi ilə çıxış edirəm ki, bu hisslər də diplomatlara yaxşı məlumdur. Dənizkənarı bulvardan Azadlıq meydanına kimi gəzintilərimiz, İstisu kimi Qarabağın gözəl guşələri, şimalda Zaqatala, cənubda Lənkəran və Bakıda günəşin heyrətamiz doğuşu xatirəmizdə qalmaqla Azərbaycanı öz ürəyimizdə aparacağıq, ürəyimizin bir hissəsi də burada qalacaq. Avropa İttifaqına Azərbaycanda xidmət etmək mənə şərəf və xoş oldu. Mən inanıram ki, xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələrimiz dostluq və həmrəylik ruhunda inkişaf edəcək və dərinləşəcək. Məni səmimi qəbul etdiyinə görə Azərbaycan xalqına, dəstək və əməkdaşlığa görə hakimiyyət orqanlarına, hökumətə və Prezident Adminstrasiyasına, birgə iş və göstərilən səylərə görə fantastik Avropa Komandasına və Avropa İttifaqı Ailəsinə təşəkkür etmək istərdim. Bu dövr ərzində, eləcə də bu gecənin təşkili və tədbiri üçün gördüyü möhtəşəm iş görə Avropa İttifaqı Nümayəndəliyindəki komandama təşəkkür etmək istəyirəm”.

Pərviz

Gununsesi.info