
Göygöl rayonunda 2002-ci il təvəllüdlü Cavidan Məmmədovu qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Cəlal Apiyevin cinayət işinə Ali Məhkəmədə yekun vurulub.
Gununsesi.info xəbər verir ki, Cəlal 15 fevral 2022-ci ildə, saat 21 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Jildom” çay evinə gəlib.
Daha sonra Cəlal Cavidan Məmmədovun ona həmin gün, yəni fevralın 15-də, saat 12 radələrində Göygöl şəhər Avtovağzalının yaxınlığında yerləşən “Elit” kafesində olan zaman yetkinlik yaşına çatmamış oğluna onun bacısını sevməsi ilə bağlı irad tutmasına görə düzgün hərəkət etmədiyini bildirib.
Cəlal Cavidana artıq bu mövzuda araşdırma apardıqlarını və bu barədə bir daha söhbət aparılmasına ehtiyac olmaması cavabını verməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı əlbəyaxa olublar. Həmin vaxt Cəlal bıçaqla Cavidana zərvələr vurub. Cavidan aldığı zərbələrdən vəfat edib.
Hadisəni törədən Cəlalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, yetkinlik yaşına çatmayan bacısı ilə birlikdə Göygöl şəhərində riyaziyyat fənnindən məktəbdən kənar hazırlıqda olarkən Kəsəmənlinin onun bacısını sevməsi ilə əlaqədar onun bu hərəkətindən narahat olub. Onun ifadəsinə görə, sonradan bu məsələ böyüyüb, onların mübahisəsinə digər qohumları da qoşulub.
Daha sonra qız üstündə yaranan mübahisə nəticəsində Cəlalın bacısına sevgi münasibəti olan oğlanı döyüblər. Həmin oğlanda bu məsələni dostu Cavidana deyib.
Cavidan bu məsələni aydınlaşdırmaq üçün tərəfləri çay evinə dəvət ediblər. Çay evində yaranan mübahisə sonda qanlı olayla nəticələnib. Cəlal bıçaqla Cavidanı vuraraq qətlə yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlal 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Cəlal Apiyevin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib. Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.
Cəlal Apiyevin dostu və cinayət hadisəsinin iştirakçısı olmuş 2001-ci il təvəllüdlü Fərid ayrıca cinayət işi üzrə mühakimə olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.
İttihama görə, Fərid qətl hadisəsindən əvvəl Cavidanı döyüb. Göygöl Rayon Məhkəməsinin hökmü ilə Fərid 6 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.