ABŞ rəhbərliyində İranla bağlı fikir ayrılığı

  • By Günel
  • 18 İyun 2025 09:03

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yüksək səviyyəli hərbi komandirlər və milli təhlükəsizlik müşavirləri ilə təcili toplantı keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Toplantıda İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda ABŞ-nin İranın nüvə obyektlərinə, o cümlədən Fordodakı obyektə zərbələr endirməkdə mümkün iştirakı müzakirə olunub.

Nəşr vurğulayır ki, prezidentin ən yaxın müşavirləri arasında İrana zərbələrin endirilməsinin zəruriliyi ilə bağlı vahid mövqe yoxdur. Eyni zamanda kəşfiyyat məlumatları ilə tanış olan Amerika rəsmilərinin açıqlamalarına görə, Tehran regiondakı Amerika bazalarına hücum edə biləcək raketlər və digər hərbi texnika hazırlayıb. Bu tədbirlər İran tərəfindən ABŞ-nin münaqişəyə İsrail tərəfində mümkün müdaxiləsinə cavab addımı kimi qiymətləndirilir.

***

ABŞ Milli Təhlükəsizlik Şurasının İsrail-İran müharibəsinə həsr olunmuş iclası başa çatıb.

Gununsesi.info xəbər verir ki, görüş 1 saat 20 dəqiqə davam edib.

ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp hazırda bütün variantları nəzərdən keçirir.

Ən çox ehtimal olunan variantlardan biri İsrail bombalarının çata bilmədiyi İranın yerin altında yerləşən Fordo nüvə obyektinə qarşı ABŞ-nin nəhəng “bunker-buster” (bunker dağıdıcı) bombalarından istifadə edilməsidir.

“New York Times” qəzeti yazır ki, Tramp həmçinin İsrail döyüş təyyarələrinin uzaq məsafəli missiyaları həyata keçirə bilməsi üçün ABŞ yanacaqdoldurma təyyarələrinin onları yanacaqla təmin etməsinə icazə verməyi nəzərdən keçirir.

ABŞ rəsmiləri bildiriblər ki, İranın nüvə proqramının ləğv edilməsi Tramp üçün əsas prioritet olaraq qalmaqdadır.

Gununsesi.info