İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - Fotolar

Oktyabr ayının 17-də ADPU-da beynəlxalq əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə təhsil tariximizdə özünəməxsus yeri və rolu olan İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Gununsesi.info  xəbər verir ki, yubiley tədbirində professor Mahirə Hüseynova, ADPU-nun Filologiya fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, Qərbi Azərbaycan İcmasının Nəzarət Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, millət vəkilləri Hikmət Babaoğlu, Ramin Həsən, Məlahət İbrahimqızı, Nizami Cəfərov, Qərbi Azərbaycan İcmasının ziyalılar şurasının üzvü, professor Əvəz Ələkbərov iştirak ediblər.

Tədbirdə, əvvəlcə Qərbi Azərbaycanda Azərbaycan ictimai-siyasi mühitini və İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin həyatını və fəaliyyət dövrünü əks etdirən sərgi təqdim olunub, milli rəqs göstərilib.

Kitab müəllifi, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev müsahibəsində deyib ki, bu gün İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illik yubileyinin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi heç də təsadüfi deyil: “Bunun səbəbini iki cəhətlə qeyd etmək istərdim: “Birincisi, İrəvan Azərbaycanlı pedaqoji məktəbinin məzunlarının əksəriyyəti vaxtı ilə pedaqoji məktəbi bitirdikdən sonra ali məktəbə daxil olub, sonralar Pedaqoji Universitetdə müəllim kimi elmi istiqamətdə, pedaqoji fəaliyyətdə çox böyük səmərəli fəaliyyət göstəriblər. Pedaqoji Universitetdə təhsilin daha da inkişafında, eyni zamanda ixtisaslı pedaqoji kadrların hazırlanmasında çox böyük rol oynayıblar.

İkinci bir səbəb isə Pedaqoji Universitetin tarixən İrəvanda Azərbaycan maarifçiliyinə, Azərbaycan təhsili ilə daim sıx əlaqədə olması ilə bağlıdır. Bu gün İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illik yubileyi bizim hörmətli professorumuz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə geniş şəkildə qeyd olunur. İrəvan Azərbaycanlı pedaqoji məktəbi Azərbaycanın təhsil tarixində özünəməxsus yeri olan təhsil ocaqlarından biridir. İrəvan Azərbaycanlı pedaqoji məktəbi Cənubi Qafqazda universitet səviyyəsində olan təhsil ocaqlarından biri olub”.

Deputat Hikmət Babaoğlu çıxışında deyib: “Azərbaycan Prezidenti andiçmə mərasimində Azərbaycan xalqının qarşısında yeni ideyaların və yeni milli vəzifələrin olduğundan danışdı. Bu yeni milli vəzifələr əslində həm də Qərbi Azərbaycan tarixi coğrafiyamızı əhatə edən dəyərlərlə bağlıdır. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illiyi ilə bağlı yubileyin keçirilməsi də Azərbaycan Prezidentinin bu fikirlərinə bir növ cavabdır. Azərbaycan-İrəvan təhsil mühiti Azərbaycanın ümumi təhsil mühitinin tərkib hissəsi olmaqla Azərbaycanda xalqımız hansı təhsil mərhələlərini keçibsə, İrəvanda da həmin tarixi mərhələlərdən keçmişik. Məktəbdən əvvəl məktəbxanalar, ondan əvvəl mədrəsələr, şifahi təhsil metodları və sair. Burada məqsəd etnomədəni və tarixi coğrafiyamızda olan təhsil mühitinin yenidən tədqiq etmək, yenidən xalqımıza tanıtmaq və yenidən bizi sevməyənlərə tanıtmaq və Qərbi Azərbaycana qayıdışla bağlı təbliğat kampaniyasının tərkib hissəsinə çevrilməsindən söhbət gedir”.

Daha sonra Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində çox möhtəşəm bir tədbir həyata keçirilir: “Bu da İrəvan Azərbaycan pedaqoji məktəbinin 100 illik yubileyidir. Əlbəttə, İrəvanın Azərbaycan şəhəri olması bizim hamımıza məlumdur. Amma bununla yanaşı biz onu da bilirik ki, müəyyən tarixi dövrdən sonra İrəvan ermənilər tərəfindən mənimsənilməyə çalışılıb. Burada əhalinin sayı tədricən ermənilərin xeyrinə süni şəkildə azaldılıb. Pedaqoji məktəb haqqında çıxışlarda göstərildi ki, həmin məktəb İrəvan üçün 1924-cü ildən başlayaraq, 20, 30, 40-cı illərdə həm məktəb olub, həm mədəniyyət mərkəzi olub, həm elm mərkəzi olub. Azərbaycanlılığın bütün miqyası ilə ifadəsi üçün çox möhtəşəm bir mərkəz olub. İllərlə də davam edib. Çox aydın təsəvvür yaranır ki, bu məktəbin miqyası necə olub. Bu məktəbdə kimlər oxuyub. Mindən artıq bizim ziyalımızı bu məktəb yetişdirib. Bu insanlar sonra Azərbaycanda da, Qərbi Azərbaycanın özündə də fəaliyyət göstəriblər və mühit yaranıb. Bu mənada bu tədbir çox əhəmiyyətlidir”.

Sonda çıxış edən filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib ki, universitetimizin həyatında çox maraqlı hadisələr olub, olmaqdadır: “Amma bu gün daha maraqlı bir hadisənin şahidi oluruq. Bu gün biz İrəvanın Azərbaycanlı pedaqoji məktəbinin 100 illik yubileyini qeyd edirik. 100 yaşlı qocaman Azərbaycan Dövlət Pedaqoji Universitetində 100 yaşlı İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illiyini qeyd edirik. Hansı ki, onlar Azərbaycan elmi ictimaiyyətinə çox önəmli iz qoymuş pedaqoji məktəbdir. Həmin pedaqoji məktəb İrəvanda ədəbi-mədəni mühitin nə qədər güclü olduğunu və həmin ədəbi-mədəni mühitdə nə qədər güclü müdavimlər olduğunu göstərir. Həmin müdavimlər bizim müəllimlərimiz olublar. Önəmli hadisə odur ki, müqəddəs təhsil ocağında müqəddəs təhsil ocağının yubileyini qeyd edirik. Hər birimizin gözümüz aydın. İnşallah bu yubileyi İrəvanda da edəcəyik”.

Sonda İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin fəaliyyətini əks etdirən film nümayiş olunub, bədii kompozisiya təqdim edilib.