Ukraynadan Azərbaycana daha 30 uşaq gətirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Bu barədə Gununsesi.info -ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, Ukraynadan gətirilən uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.
Uşaqların ölkəmizin tarixi yerlərinə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.
Bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Ukraynadan Azərbaycana daha 30 uşaq gətirilib - FOTO