Ramiz Mehdiyev həmişə ölkəmizdə müstəqil məhkəmə olduğunu deyirdi

  • By admin
  • 14 Oktyabr 2024 08:35

Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Ədliyyə Nazirliyini məhkəməyə verib, lakin məhkəmə onun şikayətinə baxmaqdan imtina edib.

Buna səbəb isə Bakı Oksford Məktəbinin (Baku Oxford School) binasındakı payının əlindən alınmasıdır.

54 yaşlı K.Əliyeva eyni şikayətdə Ədliyyə Nazirliyi ilə yanaşı, “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, 3 ilə yaxındır həbsdə olan işadamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanı da cavabdeh kimi məhkəməyə verib.

Məktəbdəki 100 faizlik payın yarısı K.Əliyevada, yarısı isə M.Məmmədovadır. 2022-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi R.Məmmədov haqqında hökm çıxaranda onun özü və yaxınlarının adına olan xeyli əmlakın da müsadirəsinə qərar verilmişdi. Müsadirə olunan əmlaklar arasında Bakı Oksford Məktəbinin binası da vardı.

 

Tanınmış vəkil Cavad Cavadov sosial şəbəkə hesabında Ramiz Mehdiyevə ünvanlı qeyd yazaraq ona ironiya edib.

Gununsesi.info həmin qeydləri təqdim edir:

 

Ramiz müəllim Prezident Administrasiyası rəhbəri olanda bütün məqalələri, çıxışlarında ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin olduğunu bildirirdi.

İndi həmin müstəqil məhkəmələr onun qızının qanuni əmlakını əlindən alır və o heç nə edə bilmir.

Çoxları bilmir ki, Ramiz müəllimin Avropa İnsan Hüquqları Məhkəməsində udduğu iş vardır.

“Xural” qəzeti Avropa Məhkəməsinə şikayətdə Ramiz Mehdiyevə uduzmuşdur. Məhkəmə Konvenisyanın 10-cu maddəsi ilə bağlı pozuntu tapmamışdır.(işin nömrəsi 55069/11, qərarın linkini şərhdə yerləşdirirəm)

Buna görə onlara Avropa Məhkəməsində şanslarını yoxlamağı tövsiyə edirəm. Təbii ki, həmin vaxta Avropa Şurasından çıxmasaq”.

 

Günay Mahirqızı