Aslan İsmayılova qarşı nəzakətsizlik edən polis cəzalandırıldı: - FOTO

“18 iyul 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin Növbətçi hissəsinin rəisi mənə qarşı hörmətsizlik etdiyinə görə səhifələrim vasitəsilə tədbir görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etdim. Bu barədə çoxlu yerli-yersiz söhbətlər olduğunu nəzərə alıb, bu gün aldığım cavab məktubunu olduğu kimi sizinlə paylaşıram.”
Gununsesi.info xəbər verir ki, sözləri vəkil Aslan İsmayolov öz sosial şəbəkə hesabında paylaşıb.
“Bunu paylaşmaqda bir neçə məqsədim var. Birincisi, öz nümunəmdə göstərmək istəyirəm ki, heç də çoxlarının mənə şifahi və yazılı bildirdiklərinə görə “DİN rəhbərliyi kimliyindən asılı olmayaraq heç vaxt öz əməkdaşlarını vətəndaşlarla hörmətsiz davrandıqlarına görə cəzalandırmır” fikri yanlışdır. İkincisi, heç bir Dövlət qulluqçusu vətəndaşlarla, o cümlədən vəkillərlə hörmətsiz davranmamalıdır. Dövlət qulluqçusu bilməlidir ki, malik olduqları hər şeyi vətəndaşlar hesabına əldə ediblər. Əlavə olaraq onu da bildirim ki, nədənsə, hamı ancaq DİN işçilərinin kobudluğundan danışır. Bir daha təkrar edirəm, məqsədim əzələ nümayişi, kimisə aşağılamaq, yaxud şəxsi prinsip deyil. Özüm heç vaxt başqasına qarşı hörmətsizlik, yekəxanalıq etməmişəm və özümə qarşı da, ələlxüsus vətəndaşların hüququnu müdafiə edən vəkil olaraq, belə davranışı qəbul etməmişəm.”, – deyə A.İsmayılov qeyd edib.
O, əlavə olaraq bu sitatı da vurğulayıb:
“P.S. Prezident İlham Əliyev: Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq.”