
Milli Məclisin deputatı Azay Quliyev ABŞ-Azərbaycan arasında yaranan gərginlik haqqında Gununsesi.info-nun suallarını cavablandırıb.
– Azay müəllim, son günlər ABŞ və Azərbaycan arasında ciddi gərginlik var və fikir versək, bu gərginlik getdikcə artmağa davam edir. Ümumiyyətlə, prosesin sonu hara gedir? Bizdə də belə bir xəbər yayılmışdı ki, Azərbaycan milli təhlükəsizlik konsepsiyasına dəyişiklik edib, Avropa və Avro-Atlantik məkana inteqrasiya kursundan imtina edəcək.
– Bilirsiniz, Azərbaycan bir çox dövrlərdə belə total hücumlara məruz qalıb. Təəssüflər olsun ki, indi də bunun şahidi oluruq. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, son illər Azərbaycanın yürütdüyü müstəqil siyasi kursla bağlıdır. Eyni zamanda, şübhəsiz ki, 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzü, sonra da suverenliyimizi bərpa etdikdən sonra bu hücumlar daha da genişlənibdir.
Açıq deyək, artıq ABŞ bizə hər dəfə hücum edəndən sonra ciddi səhvlərə yol verir. Çünki bu prosesi təşkil edənlər unudurlar ki, Azərbaycan bölgə üçün çox önəmli bir tərəfdaşdır. Azərbaycanın bu gün həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada, həm də bütövlükdə Şərqi Avropada oynadığı rol və bu günün mövcud geosiyasi vəziyyətin formalaşmasında atdığı addımlar ABŞ tərəfindən küçümsənməməlidir. Hazırda həm Bayden adminstrasiyası, həm qanunverici hakimiyyətin nümayəndələrinin etdiyi çağırışlar, qəbul etdiyi qərarlar Azərbaycanı mövqeyindən çəkindirə bilməz. Üstəlik, Azərbaycanda bir qrup deputatın Ceyhun Bayramova etdiyi müraciət də ABŞ-ə ciddi siqnaldır. Əgər ABŞ bu cür düşmənçilik mövqeyini davam etdirərsə, sanksiyalarla bağlı dediyi fikirləri irəliyə apararsa, əlbəttə, Azərbaycan adekvat addım atacaq.
–Belə bir fikir var ki, Zaxarovanın “Qərbi Cənubi Qafqazdan rədd edin” çağırışından sonra Azərbaycan Rusiyanın sözü ilə hərəkət edir. Bu gərginlikdə Rusiyanın rolu barədə iddiaları qəbul edirsinizmi?
-Bu, qətiyyən belə deyil. Bu barədə olan fikirləri bəzən qəsdən yayırlar. Bu isə onunla bağlıdır ki, istəyirlər, Azərbaycanın müstəqil siyasət yürütməyinə kölgə salsınlar. Azərbaycan heç kimdən asılı deyil. Azərbaycan öz milli maraqlarını müdafiə edən, xalqının, dövlətinin çıxarlarını ön plana gətirən siyasət həyata keçirir. Təbii ki, bu da cənab Prezidentin çox ağıllı bir şəkildə qurduğu konsepsiyadır. Bu gün əgər Rusiya bizim milli maraqlarımıza uyğundursa, niyə düşmənçilik edək? Əgər Rusiya bizim milli suverenliyimizin bərpasında mane olmadısa, sülhməramlı qüvvələri vaxtından əvvəl Azərbaycandan çıxartdısa, ən azından, Ermənistanın provakasiyasına getmədisə, nə etməliyik? Rusiya ilə düşmənmi olmalıyıq? Rusiya bizim həm böyük bir qonşumuzdur, həm də regionda kifayət qədər gücə malikdir. Qərbin münasibətlərinin Rusiya ilə gərgin olması o demək deyil ki, biz elə Qərbin dediyi ilə oturub-durmalıyıq.
– ABŞ hələ uzun illər əvvəl Azərbaycanın təhlükəsizliyinə dəstəyini ifadə etmişdi. Bu o zamanlar idi ki, Rusiya Ermənistanı açıq dəstəkləməyə davam edirdi…
– Bu gün ABŞ bizim milli çıxarlarımızı nəzərə almırsa, yaxud da Fransa bizim milli maraqlarımızın əleyhinə gedib, münasibətlərini ermənilərlə qurursa, biz onlarla necə davranmalıyıq?
Bəli, Azərbaycan lazım gələrsə, ən sərt addımlarını atacaq. Ümumiyyətlə, Azərbaycan zamanında ABŞ-a çox böyük dəstək verib. Bilirsiniz ki, həm antiterror zamanı, həm də müxtəlif missiyalarda nəqliyyat məsələlərində yanında olub. İndi necə olur, Azərbaycan Amerikaya lazım olanda sanksiyaların qüvvəyə minməsini Amerika Prezidenti dayandırırdı, amma Əfqanıstan gündəmdən çıxandan sonra tədbiq edirlər? Görün, nə qədər ikiüzlü, riyakar bir siyasət həyata keçirirlər Azərbaycan üçün. Azərbaycan xalqı bilməlidir ki, dövlətimizin apardığı siyasət alternarivi olmayan, yeganə siyasətdir. Məhz bu siyasətin nəticəsində Azərbaycan vətəndaşı bu gün rahat bir şəkildə yaşayır və heç bir təzyiqlərə görə öz siyasətimizi də dəyişmirik, dəyişməyəcəyik. Yenə deyirəm, Azərbaycan nə Rusiyadan, nə İrandan, nə Fransadan, nə də hansısa Qərb dövlətlərindən asılı deyil. Görəsən, dünyada ikinci bir ölkə varmı ki, bu qədər geosiyasi burulğanlardan salamat çıxsın, üstəlik, öz mövqeyini möhkəmləndirsin və real bir gücə çevrilsin?
Pərviz Həşimli
Orxan Saffari
Gununsesi.info