FATF Rusiyanı qara siyahıya sala bilər - Politico

Ümumdünya Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Təşkilatı (FATF) gələn həftə Rusiyanı öz qara siyahısına əlavə etmək fikrindədir.

Gununsesi.info Politico-ya istinadən xəbər verir ki, görüş oktyabrın 22-də baş tutacaq.

“Politico” qeyd edir ki, Rusiya təkcə çirkli pulların yuyulmasında şübhəli bilinərək deyil, həmçinin, terrorizmin maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılması ilə bağlı ittihamlarla da “qara siyahı”ya düşə bilər.

Reytinqin aşağı salınması üçün Çin, Hindistan, Türkiyə və Cənubi Afrika da daxil olmaqla, FATF-a üzv olan 55 ölkənin hamısının təsdiqi tələb olunur.

Məlumata əsasən qara siyahıya çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə ciddi strateji çatışmazlıqları olan ölkələr daxildir və onlara yüksək risk səviyyəsi təyin edilir.

FATF-ın Boz Siyahısı çirkli pulların yuyulmasına qarşı zəif rejimlərə malik yurisdiksiyaların siyahısıdır.

Nəşr qeyd edir ki, FATF-ın qara siyahısına Şimali Koreya, İran və Myanma daxildir.

Boz siyahıda isə Bolqarıstan, Yəmən, Mali, Suriya, Filippin və başqaları da daxil olmaqla 21 dövlət var.

Bildirilir ki, 2023-cü ilin fevralında FATF Rusiyanın təşkilatdakı üzvlüyünü dayandırıb.

Təşkilat üzvlüyün dayandırılması qərarını Ukraynadakı münaqişə ilə əlaqələndirib.

Rusiya Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiyanın FATF-dakı üzvlüyünün dayandırılmasını siyasi motivli qərar adlandırıb.

Qeyd edək ki, fevral ayında FATF Rusiyanı reytinqlərindən birində virtual aktivlərin və kriptovalyutaların kifayət qədər tənzimlənməməsinə görə aşağı salıb.

 

 

Şəbnəm

Gununsesi.info