
ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı bütün sanksiyaların ləğv edildiyini açıqlaması Amerika administrasiyasında heyrətə səbəb olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonda Dövlət və Xəzinədarlıq departamentlərinin yüksək vəzifəli məmurları onilliklər ərzində qüvvədə olan sanksiyaları necə aradan qaldıracaqlarını anlamağa çalışırlar.
Reuters-ə danışan dörd ABŞ rəsmisinin sözlərinə görə, bu qurumların sanksiya rəsmilərinə Trampın açıqlamasından əvvəl məsələ ilə bağlı məlumat verilməyib.
Yüksək rütbəli bir məmur deyib ki, Ağ Ev nə Dövlət və Xəzinədarlıq departamentlərinə sanksiyaların ləğvi ilə bağlı göstərişlər göndərib, nə də onlara belə bir elanın ediləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib.
Səlahiyyətlilər hansı sanksiyaların ləğv ediləcəyi, hansıların qalacağı və prosesin nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumata malik olmadıqlarını bildiriblər. Çərşənbə günü Tramp Səudiyyə Ərəbistanında Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşəndə Amerika bürokratiyası hələ də necə davam edəcəyini həll etməyə çalışırdı.
Orxan