İran və Avropa arasında nüvə danışıqları İstanbulda baş tutacaq

İran ilə Avropa ölkələri arasında nüvə sazişinin yenilənməsi istiqamətində danışıqlar mayın 15-də İstanbulda keçiriləcək.

Gununsesi.info xəbər verir ki,  ABŞ-ın News & World Report jurnalının yaydığı məlumata istinadən xəbər verir ki, bu görüş Rusiya və Ukrayna arasında mayın 14-nə planlaşdırılan görüşdən dərhal sonra baş tutacaq və ABŞ ilə İran arasında planlaşdırılan beşinci raund nüvə müzakirələri öncəsi mühüm addım kimi qiymətləndirilir.

Tədbirdə İranla yanaşı, “Avropa üçlüyü” (E3) — Böyük Britaniya, Fransa və Almaniyanın yüksək səviyyəli rəsmiləri də iştirak edəcəklər. Danışıqların əsas məqsədi tərəflərin mövqelərini dəqiqləşdirmək və sazişin yenilənməsi ilə bağlı razılığın əldə olunması imkanlarını qiymətləndirməkdir.

Məlumatda bildirilir ki, Avropa tərəfi danışıqlar prosesinin ləngiməsindən ciddi narahatlıq keçirir. E3 ölkələrinin nümayəndələri avqust ayına qədər əhəmiyyətli irəliləyiş əldə olunmadığı təqdirdə, BMT-nin mövcud mexanizmlərindən istifadə edərək İrana qarşı sanksiyaların bərpasını gündəmə gətirməyi nəzərdən keçirirlər.

BMT-nin 2015-ci ildə qəbul etdiyi nüvə sazişi üzrə qətnaməyə əsasən, Avropa ölkələri oktyabrın 18-dək İrana qarşı beynəlxalq sanksiyaları yenidən tətbiq etmək hüququna malikdirlər. E3 ilə əvvəllər mayın 2-nə planlaşdırılmış görüş isə, İranın ABŞ-la paralel danışıqlarına təsir göstərə biləcəyi ehtimalına görə təxirə salınmışdı.

Xatırladaq ki, 2015-ci ildə İran ilə dünya gücləri — o cümlədən Fransa, Böyük Britaniya və Almaniya — arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində Tehranın nüvə proqramına məhdudiyyətlər tətbiq olunmuş, əvəzində İran üzərindən beynəlxalq sanksiyalar qaldırılmışdı. Lakin 2018-ci ildə ABŞ-ın sabiq prezidenti Donald Tramp bu razılaşmadan birtərəfli qaydada geri çəkilmiş və İrana qarşı sərt iqtisadi sanksiyalar bərpa edilmişdi.

Qeyd edək ki, JCPOA sazişinin 10 illik müddəti 2025-ci ildə başa çatır. Müddət bitdikdən sonra İranın nüvə proqramı ilə bağlı məsələ BMT Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılacaq.

 

 

Şəbnəm

Gununsesi.info