
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur. Əmanətlərin Sığortalanması Fonduna yenidən icraçı direktor təyin edilən Tural Qüdrət oğlu Piriyev barədə maraqlı faktlar üzə çıxıb.
Gununsesi.info xəbər verir ki, Tural Piriyev tanınmış jurnalist, veteran qəzetçi Qüdrət Piriyevin oğludur.
Xatırlada ki, Qüdrət müəllimin oğlu Tural Piriyev isə 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib. 2014–2015-ci illərdə İngiltərənin Durham Universitetində magistratura pilləsi üzrə təhsil alıb.
2005–2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib. 2003-cü ildən əmək fəaliyyətinə başlayan Tural Piriyev özəl sektorun müxtəlif sahələrində çalışıb. O, 2007–2012-ci illərdə “PAŞA Holding” MMC-də hüquqşünas, 2012–2014-cü illərdə isə “Kapital Bank” ASC-nin hüquq departamentinin direktoru olub. Bu müddət ərzində o, “Kapital Bank” ASC-nin audit komitəsinin üzvü, “PAŞA Həyat Sığorta” ASC-nin təftiş komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının təftiş komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2016-cı ildən 2020-ci ilin may ayınadək “PAŞA Holding”in Türkiyə nümayəndəliyinin rəhbəri olub. Eyni dövrdə Türkiyədə bir neçə şirkətdə – “PD Turizm ve Gayrimenkul A.Ş.” və “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” – rəhbərlik və müşahidə şurası üzvlüyü vəzifələrini icra edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2020-ci il tarixli sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib. Hazırda yenidən həmin vəzifəyə təsdiqlənib.
İngilis, rus və türk dillərini bilən Tural Piriyev ailəlidir, iki övladı var.