
Bir müddət əvvəl “Face studio” gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Bədirov rəssam olan həyat yoldaşı Fidan Həsənovadan boşanıb. Fidan Həsənovanın (Bədirova) irəli sürdüyü ittihamlarla bağlı yayılmış məlumatlarla əlaqədar Ali Məhkəmə məsələyə münasibət bildirib.
Gununsesi.info Manset.az-a istinadən xəbər verir ki, tərəflərin ailə münasibətləri başa çatsa da, 5 yaşlı oğullarına görə məhkəmə çəkişməsi davam edir.
Fidan Fariz qızı Bədirova (Həsənova) ilə Rüfət Çingiz oğlu Bədirov arasında 25 sentyabr 2023-cü il tarixində Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzalanıb. Sazişə əsasən, tərəflərin nikahdan olan 2020-ci il təvəllüdlü övladı yetkinlik yaşına çatana qədər atanın himayəsində qalmalı, ana ilə isə hər həftənin cümə günü görüş imkanları yaradılmalı idi.
Sazişin digər şərtlərinə görə, F.Bədirovaya aylıq 10 000 manat aliment, bir avtomobilin verilməsi, digər daşınar və daşınmaz əmlakın isə R.Bədirovun mülkiyyətində saxlanılması razılaşdırılmışdı.
Lakin sonradan F.Bədirova məhkəməyə müraciət edərək, Azərbaycan dilini yaxşı bilmədiyi üçün sazişin şərtlərini anlamadığını, mediator və vəkil tərəfindən aldadıldığını əsas gətirərək sazişin bəzi bəndlərinin etibarsız sayılmasını tələb etmişdi. Lakin Xətai Rayon Məhkəməsi 2024-cü il 20 iyun tarixli qətnaməsi ilə iddianı təmin etməmişdi.
Apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi də 2025-ci il 17 yanvar tarixində qərara əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Məhkəmə iddiaçının sazişin şərtlərini başa düşdüyünü göstərən video və səs yazılarını, eləcə də onun Azərbaycan dilində ali təhsil almasını və səlis danışığını əsas gətirərək aldadılma iddialarını əsassız sayıb.
Fidan Bədirovanın kassasiya şikayəti isə 2025-ci il 21 iyun tarixində Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən təmin olunmayıb. Qərarda qeyd olunub ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi pozuntuya yol verilməyib.
Ali Məhkəmə əlavə edib ki, bu mübahisə yalnız barışıq sazişinin hüquqi qüvvəsi ilə bağlıdır və uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi yalnız R.Bədirovun ayrıca məhkəmə iddiası ilə mümkün ola bilər. Mövcud saziş bu tələbin icrası üçün yetərli hüquqi əsas sayılmır.