“Cinayət Məcəlləsinin 70-ci maddəsi cinayətin ağırlıq kateqoriyasına görə şərti məhkumetməyə qadağa qoymur. Buna görə də şəxsin ağır və ya xüsusilə ağır cinayətlərdə təqsirli bilinməsi həmin maddənin tətbiqini öz-özlüyündə qanunsuz etmir. Əsas meyar məhkəmənin şəxsin cəzanı real çəkmədən islah olunmasını mümkün hesab etməsidir. Bu zaman cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar birlikdə qiymətləndirilməlidir”.
Bu fikirləri Gununesi.info-ya açıqlamasında vəkil Cavad Cavadov Ramiz Mehdiyevə verilən cəzanın şərti tətbiqi və bunun səbəbləri ilə bağlı məsələyə münasibət bildirib:

“Ramiz Mehdiyevin yaşı və mövcud xəstəlikləri belə qiymətləndirmədə nəzərə alına bilər. Qanun məhkəməyə bu imkanı verir. Lakin yaş və xəstəlik avtomatik olaraq şərti məhkumetmə demək deyil: məhkəmə konkret işdə həmin qərarın səbəblərini hökmdə əsaslandırmalıdır. Ali Məhkəmənin izahlarında da bu tələb açıq göstərilir.
Yayılan məlumatlarda Ramiz Mehdiyevə təyin edilmiş 14 illik azadlıqdan məhrumetmə cəzasının şərti tətbiqi məhz yaşı və səhhəti ilə izah olunur. Əmlakları barəsində xüsusi müsadirə tətbiq edildiyi, dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərildiyi də bildirilir. Açıqlanan məlumatlar əsasında yaşından və səhhətindən başqa hansı yüngülləşdirici halların nəzərə alındığını müəyyən etmək çətindir. Əmlakın məhkəmə qərarı ilə müsadirəsini isə şəxsin zərəri könüllü ödəməsi ilə eyniləşdirmək olmaz. Zərərin ödənilib-ödənilmədiyi barədə qəti nəticə üçün iş materiallarına baxmaq lazımdır.
Mənim vəkil kimi əsas gözləntim məhkəmələrin analoji işlərdə digər şəxslərə də eyni hüquqi meyarlarla yanaşmasıdır. Təcrübədə yaşlı və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə uzunmüddətli həbs cəzaları təyin olunduğu, müdafiənin yaş və səhhətlə bağlı dəlillərinə yetərli əhəmiyyət verilmədiyi hallarla rastlaşırıq. Ramiz Mehdiyevin işində bu amillər cəzanın şərti tətbiqinə əsas sayılırsa, müqayisə edilə bilən digər işlərdə də eyni ciddiliklə qiymətləndirilməlidir”.
Vəkil qeyd edib ki, hər işin fərdi xüsusiyyətləri var və bu, bütün şəxslərə eyni qərarın çıxarılmasını tələb etmir.
“Ancaq fərqli yanaşmanın obyektiv və inandırıcı hüquqi əsasları göstərilməlidir. Humanist yanaşma şəxsin keçmiş vəzifəsindən və nüfuzundan asılı olmamalıdır. Bizim istəyimiz belə yanaşmanın analoji vəziyyətdə olan digər məhkumlara münasibətdə də ardıcıl tətbiq edilməsidir”,-deyə vəkil fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiyev Ramiz Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınmışdır.
Eləcə də, həmin hökmlə Mehdiyev Ramiz Ənvər oğlunun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınmışdır.
Həmçinin hökmə əsasən, Mehdiyev Ramiz Ənvər oğlunun əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilmişdir.
Afət Abbasova











