Məktəbin qapısı jurnalistin üzünə bağlananda…

  • Müəllif: Orxan
  • 30 Oktyabr 2026 13:04

Son günlər 225 nömrəli tam orta məktəbdə baş verən hadisə ətrafında ciddi müzakirələr yaranıb.

Müzakirələrin əsas mövzusu isə jurnalistlərin məktəbə daxil olub hadisə ilə bağlı çəkiliş aparmaq və müsahibələr götürmək hüququdur.

Bu məsələyə yanaşarkən iki fərqli məqamı bir-birindən ayırmaq lazımdır. Jurnalistin hər hansı əraziyə maneəsiz daxil olmaq hüququ ilə cəmiyyəti maraqlandıran hadisə barədə məlumat toplamaq və yaymaq hüququ eyni şey deyil. Jurnalistin məktəbə istədiyi vaxt, istədiyi otağa və istədiyi şəxsin yanına daxil olmaq hüququ olmaya bilər. Ancaq bu, onun hadisəni işıqlandırmaq hüququnun da olmadığı anlamına gəlmir.

Xatırladaq ki, 28 oktyabr 2026-cı ildə Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli məktəbdə 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı hadisə baş verib.

Hadisə barədə məlumat yayıldıqdan sonra REAL TV-nin çəkiliş qrupu məktəbə gedərək məsələni işıqlandırmağa çalışıb. Nəticədə məktəbin həyətində media əməkdaşları ilə bir qrup şəxs arasında qarşıdurma yaranıb.

REAL TV-nin operatoru və stajoru xəsarət alıb, digər media əməkdaşına qarşı da zorakılıq olduğu bildirilib. Hadisə ilə bağlı polis və təhsil qurumları tərəfindən araşdırma başladılıb.

Bu hadisədən sonra sosial şəbəkələrdə və ictimai müzakirələrdə jurnalistlərin məktəbə ümumiyyətlə daxil ola bilməyəcəyi, çəkiliş aparmasının yolverilməz olduğu kimi fikirlər səsləndirildi. Halbuki məsələyə yalnız qadağa prizmasından yanaşmaq düzgün deyil.

Burada əsas sual budur ki, cəmiyyətin cavab gözlədiyi bir hadisə baş veribsə, media həmin hadisə barədə məlumatı necə əldə etməlidir?

Bu məsələyə hüquqi baxımdan yanaşdıqda, “Media haqqında” Azərbaycan Respublikası Qanununun bir neçə maddəsi xüsusilə diqqət çəkir.

1. Qanunun 6-cı maddəsi – Jurnalist fəaliyyətinin təminatı

Maddənin 6.2-ci bəndində açıq şəkildə qeyd olunur ki, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

6.3-cü bənd isə qanunla məhdudlaşdırılmayan və ümumi istifadə üçün nəzərdə tutulan məlumatların toplanması, hazırlanması və yayılması ilə bağlı jurnalistlərin təqib edilməsini və onlara təzyiq göstərilməsini qadağan edir.

Yəni jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə zorakılıqla mane olmaq heç bir halda qəbul edilə bilməz.

Digər tərəfdən, Qanunun 17-ci maddəsi – Məlumat almaq hüququ da var.

Maddənin 17.1-ci bəndinə əsasən, media subyektləri və jurnalistlər dövlət orqanlarının, müəssisə və təşkilatların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyən edilmiş hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.

Məktəbdə baş verən və cəmiyyətin ciddi narahatlığına səbəb olan hadisə də ictimai maraq kəsb edən informasiya predmetidir. Belə bir vəziyyətdə medianın hadisənin təfərrüatlarını öyrənmək, məsul şəxslərə suallar ünvanlamaq və ictimaiyyəti məlumatlandırmaq istəyi tamamilə təbiidir.

Qanunun 71-ci maddəsi – Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları isə deyir:

Bu maddə jurnalist vəsiqəsi olan şəxslərin müəyyən hüquq və imtiyazlarını təsbit edir. Xüsusilə 71.1.2-ci bənddə dövlət orqanları, müəssisə və təşkilatlar tərəfindən akkreditasiya olunmaq, 71.1.3-cü bənddə isə əhəmiyyətli tədbirlərin keçirildiyi məkanlara müvafiq qaydada akkreditasiya əsasında daxil olmaq hüququ nəzərdə tutulur.

Burada bir hüquqi məqamı da düzgün izah etmək lazımdır ki, 71-ci maddə jurnalistlərə istənilən qapalı əraziyə icazəsiz daxil olmaq üçün qeyri-məhdud səlahiyyət vermir. Akkreditasiya müəyyən hallarda və qaydada tətbiq olunur. Lakin bu mexanizm jurnalistlərin ümumi informasiya toplamaq hüququnu aradan qaldırmır.

Bəs yaxşı, belə halda məktəb rəhbərliyi necə davranmalı idi?
225 nömrəli məktəbdə baş verən hadisə zamanı rəhbərliyin üzərinə düşən əsas vəzifə jurnalistlərlə qarşıdurma yaratmaq deyil, onların peşə fəaliyyətini təhlükəsiz və qanuni çərçivədə həyata keçirməsi üçün şərait yaratmaq idi.

Əlbəttə, məktəb adi çəkiliş məkanı deyil. Burada azyaşlı uşaqlar təhsil alır, onların şəxsi həyatı, təhlükəsizliyi və psixoloji vəziyyəti qorunmalıdır. Jurnalistlər də bunu nəzərə almalı, şagirdlərin razılığı və qanuni nümayəndələrin hüquqları, uşaqların anonimliyi, şəxsi məlumatların qorunması məsələlərinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Amma bu tələblər jurnalistləri məktəbin qapısından geri qaytarmaq üçün əsas deyil.

Məktəb rəhbərliyi çəkiliş qrupunu qarşılamalı, hadisə ilə bağlı səlahiyyətli nümayəndə ayırmalı, jurnalistlərin suallarını cavablandırmalı, mümkün olduğu halda təhlükəsiz ərazidə çəkiliş aparılmasına imkan yaratmalı idi. Şagirdlərlə müsahibənin məqsədəuyğun olmadığı düşünülürdüsə, məktəbin mövqeyi rəsmi şəkildə açıqlana bilərdi.

Ən əsası, heç bir halda jurnalistlərin fiziki təhlükəsizliyi risk altına atılmamalı idi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin açıqlamasında da uşaqların anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyi vurğulanıb. Bu yanaşma doğrudur. Ancaq uşaqların müdafiəsi ilə cəmiyyətin informasiya almaq hüququ bir-birinə qarşı qoyulmamalıdır. Hər ikisi təmin edilməlidir.

Bir məqamı unutmayaq ki, jurnalist hadisə yerinə kiminsə şəxsi marağını təmin etmək üçün deyil, cəmiyyətin informasiya ehtiyacını qarşılamaq üçün gedir.

Məktəbdə şagirdin həyatına təhlükə yaradan hadisə baş veribsə, bu, təkcə məktəbin daxili məsələsi deyil. Valideynlərin, təhsil ictimaiyyətinin və bütövlükdə cəmiyyətin cavab gözlədiyi məsələdir. İnsanlar nə baş verdiyini, hadisənin hansı şəraitdə meydana gəldiyini, məktəbin məsul şəxslərinin nə bildiyini və hansı tədbirlərin görüldüyünü öyrənmək istəyirlər. Medianın da əsas missiyası məhz bu suallara cavab axtarmaqdır.

Jurnalistin məktəbin hər bir otağına daxil olmaq hüququ olmaya bilər. Ancaq məktəbin həyətində baş vermiş hadisə ilə bağlı suallar vermək, məsul şəxslərin mövqeyini öyrənmək və ictimaiyyətə məlumat çatdırmaq istəyi normal qarşılanmalıdır.

Jurnalistə “buraya daxil ola bilməzsən” demək əvəzinə, “gəlin, hadisəni qanun çərçivəsində və təhlükəsizlik qaydalarına riayət etməklə işıqlandıraq” demək daha doğru yanaşmadır.

Məsələni jurnalistlərin məktəbə daxil olub-olmaması müstəvisində deyil, informasiya almaq hüququna hörmət, uşaqların təhlükəsizliyi və ictimai məsuliyyət müstəvisində müzakirə etməliyik.

Çünki məktəbin qapısını jurnalistin üzünə bağlamaqla cəmiyyətin suallarını yox etmək mümkün deyil. İnformasiya ehtiyacı var və bu ehtiyacın qarşılanması üçün şərait yaradılmalıdır.

Elmar

Gununsesi.info