Tramp Rusiyaya sanksiya istəyənləri axmaq adlandırdı

  • Müəllif: Orxan
  • 31 Oktyabr 2026 10:10

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istəyənləri “axmaq insanlar” adlandırıb.

Gununsesi.info KFOX 14 telekanalına istinadən xəbər verir ki, Tramp bunu oktyabrın 30-da Ağ Evdə Rusiya həbsindən azad edilmiş amerikalı Stiven Habbardla görüşündə deyib.

“Axmaq insanlar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimi istəyirdilər”, – ABŞ prezidenti bildirib.

Habbard isə cavabında rusların sanksiyalara güldüklərini söyləyib. Tramp onun sözlərinə “Eşitdiniz? Onlar sanksiyalara gülürlər” deyə reaksiya verib.

ABŞ prezidenti yeni məhdudiyyətlərdən imtinasını Habbardın azad edilməsi üçün Moskva ilə aparılan danışıqları pozmaq istəməməsi ilə izah edib.

“Prezident Putinlə danışıram: “Cənab prezident, Stiven Habbardı geri qaytarmaq istərdim. Yeri gəlmişkən, elə indi sizə qarşı sanksiyalar tətbiq edirik”. Belə bir şeyi təsəvvür edə bilərsinizmi?”, – Tramp bildirib.

Onun sözlərinə görə, Vaşinqton həmin vaxt Rusiya ilə “çox həssas danışıqlar” aparıb, eyni zamanda Ukrayna ilə bağlı mümkün razılaşmanı müzakirə edib. Tramp belə bir şəraitdə sanksiyaların danışıqları dərhal dayandıra biləcəyini deyib.

Qeyd edək ki, Miçiqan ştatından olan 74 yaşlı keçmiş müəllim Stiven Habbard Rusiya həbsində dörd ildən çox vaxt keçirib. Rusiya onu Ukrayna tərəfində döyüşlərdə iştirak etməkdə ittiham edib. Habbard oktyabrın 21-də Tramp administrasiyasının müdaxiləsindən sonra azadlığa buraxılıb.

Gununsesi.info