
Mayın 20-də Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan etdiyi gün Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Ukrayna ilə sülh memorandumu imzalamağa hazır olduğunu bildirib.
Gununsesi.info “New York Times”a istinadla xəbər verir ki, Rusiya tərəfi bu sənəddə atəşkəsin mümkün şərtləri, sülh sazişinin müddəti və əsas prinsiplərin yer alacağını qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, rəsmi Kiyev Rusiyadan təqdim ediləcək memorandum layihəsini gözləyir. Kremlin sözçüsü bildirib ki, sənədin hazırlanması üçün konkret tarix müəyyən edilməyib.
Bu arada, Bloomberg agentliyinə danışan Kremldəki mənbələr bildiriblər ki, Vladimir Putin ilin sonunadək Rusiya ordusunun Ukrayna müdafiəsini yararaq Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərini tam nəzarətə götürəcəyinə inanır.
Mayın 16-da İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynadan adıçəkilən dörd vilayətin təslim edilməsini tələb edib.
Əks halda, Rusiya Xarkov və Sum vilayətlərini də işğal edəcəyini və müharibəni qeyri-məhdud müddətə davam etdirəcəyini bəyan edib.
Günay