Pirlər və ziyarətgahlar: İnanc, yoxsa xurafat? – Ekspertlər nə deyir?

Bakının Buzovna qəsəbəsində yerləşən və “Əli qədəmgahı”, “Əli ayağı” kimi tanınan ziyarətgah uzun illərdir ki, yerli sakinlər və ziyarətçilər tərəfindən müqəddəs bir yer kimi qəbul olunur.

İnsanlar bu məkana gələrək müxtəlif dini ayinlər icra edir, dualar oxuyur, diləklər diləyirlər. Onların inancına görə, İslamın dördüncü xəlifəsi İmam Əli bir zamanlar bu əraziyə gəlib və burada ayaq izi qoyub.

Ancaq tarixçilər bildirirlər ki, Xəlifə Əli ibn Əbu Talib heç vaxt Azərbaycanın indiki ərazisinə gəlməyib, hətta bu bölgəyə yaxın belə olmayıb.

Bütün bunlara baxmayaraq, adıçəkilən məkan bu gün də ziyarət olunur.

Bəs görəsən, bu inancın kökü haradan gəlir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, bu cür ziyarətgahların əsası xurafatlara dayanır:

“Bu xurafatlar öz-özünə yaranmır. Onların kökü əsasən Səfəvilər dövründə yaranmış pirlərə və ocaqlara gedib çıxır. Belə demək mümkünsə, bu pirlər əsasən Həzrət Əli, Peyğəmbər və Əhli-Beytlə əlaqələndirilir. Çünki Səfəvilər İrançılıq – yəni fars şovinizminin ideologiyasına sıx bağlı idilər və tutduqları ərazilərdə ideoloji mərkəzlər yaratmağa çalışırdılar. Bunun üçün qondarma pirlər, ziyarətgahlar, Əhli-Beytə aid olduğu iddia olunan seyyidlərin məzarlarını uydurur, Qurandan isə ideoloji vasitə kimi istifadə edirdilər.

Əgər belə yerlər yox idisə, onlar daşlardan, qayalardan və təbiət hadisələrindən bəhrələnirdilər. Məsələn, Gədəbəy ərazisində “Haça qaya” adlanan bir yer var. Orada belə bir nağıl yayılıb ki, guya Həzrət Əli həmin qayanı qılıncı ilə ortadan bölüb. Guya bir əjdaha ilə döyüşüb və qılıncı ilə daşı ikiyə ayırıb. Buzovnadakı “Əli Ayağı” adlanan bir yer var ki, deyilənə görə, Həzrət Əlinin atının və ya öz ayağının izi ora düşüb və daşın üzərində qalıb. Bu kimi nağıllar Azərbaycanın müxtəlif bölgələrində mövcuddur, İranda isə daha geniş yayılıb.

Bu uydurma hekayələrin əsasında pirlər və ocaqlar yaradılır və oradan insanlardan vəsait toplanırdı. Toplanan pullar hesabına isə Səfəvilər dövründə ideoloji-şüubiyyə təbliğatı aparılırdı. Yəni həmin ideoloji mərkəzlərin xərcləri, işçilərin maaşları və digər ehtiyacları bu yolla qarşılanır, toplanan vəsaitlə sistem saxlanılırdı”.

İlahiyyatçı vurğulayıb ki, bu proses günümüzə qədər gəlib çatıb:

“Həmin ideologiya zamanla zəifləsə də, hətta çöksə də, onun izi xurafat formasında bu gün də pirlər və ocaqlar şəklində yaşayır. Bu gün də insanlar həmin dövrlərin inanclarına uyğun olaraq bu yerlərə inam bəsləyirlər. Həmin pirlərə rəhbərlik edən şəxslər var və bu yerlərdə hələ də vəsait toplanır. Artıq bu pirlər və ocaqlar ziyarətgah yox, bir növ biznes mərkəzinə, gəlir mənbəyinə çevrilib.

Bu barədə danışanda isə həmin şəxslərin maddi maraqlarına toxunulduğu üçün etirazla qarşılanır. Halbuki bu fəaliyyətlərin özü İslam dininin ruhuna ziddir. Əslində, bu cür yerlər İslamı təhrif etməyə, onu gözdən salmağa xidmət edir. Məsələn, əgər bu inanclar Həzrət Əli ilə əlaqələndirilirsə, bu, əksinə, Həzrət Əlini hörmətdən salmaq deməkdir. Onu nağıl qəhrəmanına, əfsanəvi və zəif bir obraz kimi təqdim edirlər – guya ki, daşdan, qayadan təbliğat aparmağa möhtacdır. Bu isə Həzrət Əlinin elm, fəlsəfə və ədalət irsini tamamilə kölgədə qoyur. Halbuki o, İslam tarixində dərin düşüncəsi, ədaləti və hikməti ilə seçilən böyük şəxsiyyətdir.

Əgər yalnız hansısa yerə atının və ya öz ayağının dəydiyini əsas götürüb müqəddəslik iddiası irəli sürülürsə, bu, məntiqsiz yanaşmadır. Çünki Həzrət Əli həyatının böyük bir hissəsini Mədinədə, Məkkədə, Kufədə – yəni indiki Səudiyyə Ərəbistanı və İraq ərazilərində yaşayıb. O zaman belə götürsək, Həzrət Əlinin getdiyi hər yer pir, ocaq sayılmalıdırmı? Demək olar ki, o, Ərəbistan yarımadasının böyük hissəsini gəzib. Onda gərək hər addımına uyğun bir pir tikilsin?

Digər tərəfdən, tarixi mənbələr təsdiq edir ki, nə Həzrət Əli, nə də Əhli-Beytin öndə gedən imamları Azərbaycan ərazisində olmayıblar. Bu, danılmaz tarixi faktdır. Yəni bu bölgədə onlara aid edilən qəbirlər, pirlər, ziyarətgahlar sırf xurafat məhsuludur”.

Tural İrfan əlavə edib ki, bu gün insanlar bu yerlərə inamla yanaşır və oradan mədəd umurlar:

“Bu da yanlış bir fəlsəfənin nəticəsidir. Həm dini, həm də milli-mənəvi baxımdan bu yanaşma doğru deyil. Halbuki ziyarət olunacaq o qədər real, tarixi şəxsiyyətlər var ki – əsl övliyalar, alimlər, müdriklər. Onların məzarlarını ziyarət etmək, ruhlarına dua oxumaq həm İslam dininə, həm də xalqımızın mənəvi dəyərlərinə daha uyğun olardı.

Ancaq bu cür yerləri bir biznes mərkəzinə, ideoloji təbliğat ocağına çevirmək və irançılığın, farsizmin simvolu kimi yaşatmaq – bu, qətiyyən doğru deyil. Əgər həmin ərazidə hər hansısa təbii və ya tarixi hadisə baş veribsə, bu, bir coğrafi və mədəni irs nümunəsi kimi qorunub saxlanıla bilər.

Lakin onu zorla Həzrət Əli və ya digər imamlarla əlaqələndirmək, onu müqəddəsləşdirmək və bu ad altında nəzir-toplama vasitəsinə çevirmək, insanlardan pul yığmaq, dini duyğular üzərindən ideoloji şüubiyyə (fars millətçiliyi) təbliğatı aparmaq – bu, həm dini baxımdan, həm də ictimai-mənəvi baxımdan yolverilməzdir.

Bax, bütün bunlar dinimizin əleyhinə olmaqla yanaşı, bir qədər dərinə getsək, dövlətçiliyimizə və milli məfkurəmizə də zidd bir məsələdir”.

Tarixçi Təranə Salahova bildirib ki, bütün tarixi mənbələrə əsasən, Həzrət Əlinin Azərbaycana gəldiyinə dair heç bir yazılı sübut mövcud deyil:

“Tarix boyu bu barədə heç bir sənəd və ya dəqiq məlumat qeydə alınmayıb. Lakin xalq arasında belə bir inancın formalaşması təsadüfi deyil. Bu, Həzrət Əlinin şəxsiyyətinə duyulan dərin sevgi və ehtiramla bağlıdır.

Həzrət Əli ədalətli və mərhəmətli rəhbər olub. Rəvayətlərdə qeyd olunur ki, o, məscidə gedərkən üzüyünü bilərəkdən çıxarıb qoyarmış ki, ehtiyacı olanlar onu götürə bilsin. Onun yoxsullara, sadə insanlara münasibəti nümunəvi olub. Belə rəftarlar xalqın qəlbində silinməz izlər buraxıb.

Tarixi faktlara gəldikdə isə, Xəlifə Osman tərəfindən Azərbaycana vali təyin edilən bir şəxsə Həzrət Əli məktub ünvanlayıb. Məktubda açıq şəkildə bildirilir: “Bu torpaq sənə əmanətdir, xalq da sənə əmanətdir. Mənim icazəm olmadan heç bir qərar verə bilməzsən.” Bu ifadə göstərir ki, rəhbərlik məsuliyyətdir, şəxsi sərəncam vermək imkanı deyil. 

Bəzi alimlərin fikrincə, həmin məktubun Azərbaycanda oxunması, el arasında belə bir fikrin yaranmasına səbəb olub – guya Həzrət Əli Azərbaycana gəlib. Əslində isə bu inanc xalqın onun adını yaşatmaq, onunla mənəvi bağ qurmaq istəyindən doğub. Sevgi və ehtiram o qədər güclü olub ki, onun adı ilə bağlı ziyarət yerləri, əfsanələr formalaşıb.

Azərbaycan tarixində müxtəlif dövrlərdə – Sasanilər, ərəblər, monqollar zamanında – ölkəyə fərqli xalqlar köçürülüb. Amma bütün bu proseslərə baxmayaraq, burada vahid bir dil – türk dili formalaşıb. Xarici səyyahlar qeyd edirlər ki, bu dildə danışan xalqın nitqi musiqi kimi axıb gedir. Bu fakt göstərir ki, Azərbaycan xalqı əsrlərlə öz kimliyini, dilini, milli və dini dəyərlərini qorumağı bacarıb.

Həzrət Əlinin adını bu qədər ucaldan da məhz onun bu dəyərlərə sahib çıxmasıdır”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info