Ədəbi uğursuzlar - Orxan Saffari yazır...

  • By Admin2
  • 05 İyun 2025 15:29

Görəsən, dünyada uğursuz olduğunu məhz özü, istedadı ilə əlaqələndirən bircə nəfər də olsa adam varmı?

Məsələn, indiyədək hansısa sənət adamı, lap elə bir müğənni “Arxamda duranım, saxlayanım yoxdur deyə qabağa gedə bilmirəm” əvəzinə, “Görünür, səsim o qədər də gözəl deyil” deyibmi?

İctimai olaraq yox, heç olmasa, özünə etiraf edə bilibmi?

Yaxud da, hansısa uğursuz, tanına bilməyən “mraz” yazıçı-şair “Bilirsiniz, indi kruq ədəbiyyatı var, tanınmaq üçün bəzi şeylər etməlisən, mən də onu edə bilmirəm, tənqidi fikirlərimə görə məni qabağa vermirlər” kimi sözlər əvəzinə, “Ola bilsin, tanınmaq üçün yazıçı-şair obrazım yoxdur, istedadım olsa da, çox da parlaq deyil” deyə bilibmi?

Fakt budur, Azərbaycanda uğurlu olan, parlayan adamlara qarşı şərti adı “məməşovlar dəstəsi” olan bu qələmçilər tərəfindən müstəsna bir gicolma var.

Hamı elə bilir, əgər bir adam uğur qazanıbsa, ona diqqət və qayğı varsa, yüz faiz arxasında da hansısa qüvvə var. Ümumiyyətlə, insanın arxasında hansısa qüvvənin olması da pis deyil və hətta olmaması mümkünsüzdür. Di gəl, uğursuz adamlar elə bilir, onlar uğursuz olsalar da, yenə diqqət göstərilməlidir. Uğur qazanan adamın öz xüsusiyyətləri onlar üçün maraqlı deyil. Onları ancaq bir sual düşündürür: “Niyə mənə yox, ona?”

Dərinə gedəndə, Azərbaycanda minimum şəkildə olsa belə tanınmamaq ayıbdır. Əlinin altında onlarla sosial platforma olan, özü özünü çap edə bilən adamın tanınmaq davası etməsi, doğrudan da müstəsna mənasızlıqdır.

Bəlkə də, bütün bunlar insanın ən təbii fitrətidir, fəqət başının bütün boltları yerində olan adamın gərək bir az da qabında olsun, başa düşsün, düşmürsə, cəhənnəm, heç olmasa, başını divara vursun, biz özümüz başa düşərik.

Hal-qəziyyə belədir:

Azərbaycan adlı gözəl məmləkətdə səhər yerindən duran adamın ağlına iki şey gəlir:

1)İşəmək(Üzr istəyirəm, ayaqyolunda təbii ehtiyacını ödəmək)
2)Nəsə yazmaq.

Hər ikisi təbii ehtiyacdır: Birinə beynin sənin məcbur edir, digərinə də adam bəzən özü özünü məcbur edir.

Xüsusi ilə özünü gücəndirərək yazmaq ehtiyacını ödəyən uğursuz adamların, bədənin özü məcbur etdiyi təbii ehtiyacı xatırladan arqumentləri var.

Məsələn:

“Kruq ədəbiyyatı var”, “Məni görməzdən gəlirlər”, “Paxıldırlar”, “Ancaq öz dostlarını tərifləyirlər”, “Siyasi fikirlərimə görə qabağa gedə bilmirəm”, “Qabağa çəkənim yoxdur” və.s və.ilaxır.

Ayranın turş deməyən qatınsatan bibilərin balası olan şair-yazıçılar elə bilir, onların “Gül-bülbül”, “Sən getdin, mən qaldım”, “Şəlalə, çıx palkona”, “Dartma, yaxam cırıldı” formatında olan şeirləri insan hissləri üçün çox vacibdir, hələ ictimai-siyasi fikrə də təsir edir deyə qəbul etmirlər.

Hərdən də elə bilirlər, çox adam onlardan qorxur. Məsələn, bu gün istənilən müxalif partiyada olan və aktiv siyasətlə məşğul bir yazardan soruşun, o dəqiqə deyəcək, “Bəs sistemin qorxusundan məni tərifləyə bilmirlər, onlar yaltaqdır, mən mübarizəm”. Əlbəttə, bu cür adamlar da qətiyyən yaxşı yaza bilmədiyini düşünməyəcək, uğursuzluğunu bu cür pafosun arxasında gizlədəcəklər.

Ancaq bu yerdə Allah başını qoyub ayağına daş saldığı bəndə həm də bilməli və sual etməlidir:

“Axı mən kiməm?”, “Niyə mən uğurlu olmalıyam?”, “Məni uğursuz edən nəsnənin adı nədir?” “Mən nəyi bacarmıram?”, Məndə nə çatmır, təkcə başımmı?”.

Əvvəla, Azərbaycanda heç “Kruq ədəbiyyatı” da yoxdur. Bir yerə toplaşan, bir-birinin dostu olan, sözü, söhbəti, mütaliəsi tutan, zövqləri aşağı-yuxarı eyni olan, nələrisə müzakirə edən bilən və ən əsası, həqiqətən də istedadlı olan insanlar var. İndi onlar niyə də bir araya gəlməsinlər? Yəni, bunun ən adi insani, təbii fakt olmağını başa düşmək belə çətindirmi?

Yaxşı, necə olmalıdır? Bir neçə istedadlı adam bir araya toplaşıb dostluq etməməli, görüşməməlidir? Ki, hansısa uğursuz “Siz niyə oturub-durursunuz” deyəcək?. Əgər şəxsi münasibətləri yaxşı olan iki yazıçıdan biri digərinin əsərini tərifləyirsə, budamı olmaz? Niyə, Məməşov? Hansı səbəbə?

Əslində, ritorik sualların cavabı “məməşovlar dəstəsi”-nin alınlarında yazılıb.

Məsələn, hansısa ədəbi müzakirələrdə “Kruq ədəbiyyatı”, “Bir-birini tərifləyənlər” kimi sözlər işlədən adamlar varsa, onlar birmənalı olaraq özünə və qələminə, o cümlədən cücərməkdə olan istedadına hörmət etməyən adamlardır. Belə şeylərin adı ancaq qısqanclıqdır, “Mən də istəyirəm, mənə də verin, mənə də deyin, mən də, mən də”-dir.

Nəinki Azərbaycanda, heç yer üzündə də bu cür söhbətlər edən bircə istedadlı adam belə yoxdur.

Bəli, bu adamlar pislədikləri adamlara hansısa formada yaxın olmaq istəyib, ancaq bunu bacarmayanlardır, o adamlar tərəfindən çox da yaxına buraxılmayanlardır.

Onlar pislədikləri adamlardan tərif eşitmək istəyib, ancaq qulaqları tərifə həsrət adamlardır.

Onlara pislədikləri adamlara yaxın olandan sonra ən mənasız yazılarına da münasibət gözləyən adamlardır. Məsələn, bu cür adamlar istedadlı adamların məclisinə gələr, heyranlıq göstərər, növbəti məclisə gələ bilməyəndə isə gicbəsər olarlar.

Birmənalı və qeyd-şərtsiz:

“Məməşovlar dəstəsi”nə aid olan adamlar hamısı eyni cür bədbəxtdir.

 

Orxan Saffari

Gununsesi.info