“Atəşgah sığorta” vətəndaşın pulunu niyə vermir?

  • By Admin2
  • 05 İyun 2025 11:48

”2025-ci il 14 may tarixində Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilimə ciddi zərər dəyib. Qarşı tərəf hadisə yerində məsuliyyəti etiraf edib, yol patrul xidməti tərəfindən protokol tərtib olunub. Bütün hüquqi sənədlər və sübut materialları “Atəşgah Sığorta”ya təqdim edilib. Hadisə sığorta şirkəti tərəfindən rəsmən tanınıb”.

Gununsesi.info xəbər verir ki, bu sözləri zərərçəkmiş şəxs bildirib.

O, həmçinin deyib:

Dəymiş zərərin məbləği mən — zərərçəkən şəxs tərəfindən — çilingər ustaya 100 azn ödənilmək müqabilində avtomobil sökülüb bir-bir qırıq detalların fotoları çəkilib və ehtiyat hissələri dükanları ilə aparılan faktiki qiymətləndirmə əsasında 2150 manat olaraq müəyyən olunub. Bu məbləğ, heç bir şübhə doğurmadan, avtomobilin tam təmir olunması üçün tələb olunan minimal rəqəmdir.

Lakin “Atəşgah Sığorta” bu məbləğin ödənilməsini əsassız şəkildə ləngidir. Müraciətlərə ya ümumiyyətlə cavab verilmir, ya da rəsmi cavablar qeyri-müəyyən və konkret hüquqi əsaslandırmadan uzaq olur. Telefonda bildirirlər ki, guya müəyyən sənədlər təqdim olunmayıb — halbuki bütün sənədlər çoxdan təhvil verilib və hadisə özü tanınıb. Ardınca isə, cavab vermək əvəzinə, məsələdən yayınmaqla və vaxtı mən avto sahibinə qəsdən maddi ziyan vurmaqla məşğul olurlar.

Bu yanaşma nə qanunlara, nə də elementar istehlakçı hüquqlarına uyğundur. Burada söhbət yalnız 2150 manatlıq məbləğdən getmir — söhbət sığorta sisteminə olan ümumi inamdan, vətəndaşın hüquqi dövlətə güvənindən gedir.

Aydın sual ortaya çıxır:

Əgər bir hadisə bütün sənədlərlə rəsmiləşdirilibsə, qarşı tərəf məsuliyyətini tanıyıbsa və dəyən zərər aydın şəkildə sübuta yetirilibsə — bəs niyə bu ödəniş edilməli deyil?

Əgər bu gün “Atəşgah Sığorta” konkret, hüquqi əsaslarla təsdiqlənmiş bir hadisəyə belə cavab verməkdən yayınırsa, sabah daha mürəkkəb və bahalı hallarda vətəndaş hansı ədalətə sığınmalıdır?

Bu müraciətim bütün aidiyyəti qurumlara, istehlakçı hüquqlarını qoruyan təşkilatlara və ictimaiyyətə ünvanlanır.

Vətəndaş hüququ əgər kağız üzərində qalacaqsa, bu cəmiyyət hüquq dövləti deyil, şirkətlərin diktəsi ilə idarə olunan bir boşluğa çevriləcək. Necə ki çevrilib!

Bu mənə qarşı yaradılmış mənasız süründürməçiliklə bağlı konkret cavab gözləyirəm.

Rəsmi, hüquqi əsaslı və real!

Təbii ki, əgər Azərbaycanda hüquq varsa?”

Bəxtiyar Yusubov.

Gununsesi.info