
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə muğam ustadı Alim Qasımovun sosial şəbəkədə müzakirələrə səbəb olan görüntüsü yayılıb.
Belə ki, o, toyların birində səhnəyə çıxaraq rep deməyə başlayıb.
Ancaq onun bu görüntüsü birmənalı qarşılanmayıb.
Kimisi bunun yenilik olduğunu desə də, kimisi də muğam ustasına yaraşmadığını bildirib.
Gununsesi.info xəbər verir ki, bir sıra ictimai-siyasi adamlar da Alim Qasımovu müdafiə edib.
Milli Məclisin deputatı Fazil Mustafa da müdafiə edənlər sırasındadır.
Onun sözügedən paylaşımını təqdim edirik:
“Sevdiyimiz ustad sənətçi Alim Qasımovun videosu yayılan toyda şən və pozitiv davranışını bəyəndim. Rahat, komplekssiz, tədbirin mahiyyətinə uyğun bir sənət adamının ata biləcəyi sadə və maraqlı bir addım. Toyda mərsiyyə deməliydi, yaxud ağlamalıydı? Söyüş-zad söyməyib, yaxud təhqiredici ifadə işlətməyib ki? Öz üslubunda məclisin ovqatını yüksəltmək istəyib. Sənət adamı ütülü, standart biçimdə olmaz ki? Hələ bu adam Alim ola! Böyük istedadların ərköyünlük haqqını da nəzərə almalıyıq! Hər bir davranışın çevrəyə zərərinə, faydasına baxmalıyıq. Mədəni və mənəvi ekologiyamıza hansısa zərər vurduğunu düşünmürəm”.