
“Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı hərəkətlərini başa düşürəm”. ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin bütün çətinliklərə baxmayaraq həll oluna biləcəyinə əminliyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya Kansleri Fridrix Mertslə görüşdə müvafiq bəyanatla çıxış edib.
Həmçinin o, Rusiyanın münaqişənin həlli çərçivəsində oyun oynaması iddiasını rədd edib.
Amerika liderinin sözlərinə görə, o, Mertslə müntəzəm olaraq Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı məsələləri müzakirə edir.
“Biz bunun bitməsini istərdik, bəlkə də bitəcək. Döyüşlərin olacağına dair xəbərlər var. Bir neçə gün əvvəl nəsə olub”, – deyən Tramp nə özünün, nə də Almaniya kanslerinin bundan məmnun olduğunu qeyd edib.
“Ancaq mən hesab edirəm ki, son nəticədə biz qan tökülməsini dayandırmağa nail olacağıq”, – Ağ Evin sahibi vurğulayıb.
Həmçinin Donald Tramp Ukrayna ilə bağlı razılaşma olmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu və özü üçün son tarix təyin etdiyini açıqlayıb.