
İranın İsraildə xüsusi təhlükəsizlik kameralarından kəşfiyyat məqsədləri üçün istifadə etdiyi iddia edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərqdə kəskinləşən İran-İsrail münaqişəsində cəbhələr təkcə fiziki deyil, həm də rəqəmsal olaraq formalaşır. İranın ballistik raket hücumlarında hədəfləri müəyyən etmək üçün Tel-Əviv kimi böyük şəhərlərdə özəl təhlükəsizlik kameralarını sındırdığı iddia edilib.
İsrail Milli Kiber Direktorluğunun keçmiş direktor müavini Refael Franko kameralara hücumların artdığını bildirib və vətəndaşlara “Evdəki təhlükəsizlik kameralarınızı söndürün və ya parollarını dəyişdirin” deyə xəbərdarlıq edib.
İsrail Kiber Müdirliyi internetə qoşulan özəl kameraların İran tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini təsdiqləyib. Müharibə dövründə bu cür cəhdlərin tez-tez baş verdiyi bildirilib və sosial mediada yayılan bəzi görüntülərin bu kameralar tərəfindən lentə alındığı iddia edilir.
HƏMAS daha əvvəl 7 oktyabr 2023-cü il hücumundan əvvəl mülki təhlükəsizlik kameralarını sındıraraq kəşfiyyat məlumatları toplamışdı.
Oxşar taktika başqa ölkələrdə də müşahidə olunur. Rusiyanın Ukraynaya müdaxiləsi zamanı hərbi bazalarda və sərhəd keçidlərində kameralardan istifadə etdiyi, ABŞ isə milli təhlükəsizlik səbəbi ilə Çin istehsalı olan təhlükəsizlik sistemlərini qadağan etdiyi aşkarlanıb.
Ukrayna 2022-ci ildə kameraları qadağan etdi, daha sonra vətəndaşları onlayn yayımı dayandırmağa çağırdı, çünki görüntülər raket zərbələrini idarə etmək üçün istifadə olunurdu.
İsrail və İran arasındakı müharibə kiberhücumların artması ilə müşayiət olunub. Bu yaxınlarda İsraillə əlaqəsi olan haker qrupunun İranın kriptovalyuta birjası Nobitex-ə kiberhücum təşkil etdiyi iddia edilmişdi.
Qlobal özəl nəzarət bazarı sürətlə böyüdükcə, bir çox sistemlərdə hətta əsas təhlükəsizlik tədbirləri yoxdur. Sadə parollar, köhnəlmiş proqram təminatı və ucuz sistemlər kiber hücumçuları açıq dəvət edir.
Orxan