
İsrail ordusu qətliamlarını davam etdirdiyi Qəzzanın işğalını genişləndirmək üçün həyata keçirdiyi hücum planı çərçivəsində 5 məhəllədə yaşayan fələstinlilərin deportasiyasına göstəriş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu insanlıq faciəsinin davam etdiyi Qəzza zolağının daimi işğalı üçün şiddətli hücumlarını davam etdirir .
İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında Qəzza zolağının şimalında 2 şəhərin 5 məhəlləsində yaşayan fələstinlilərin məcburi köçkün edilməsi ilə bağlı xəritə paylaşıb.
Adraee bəyan edib ki, İsrail ordusu Əl-Atatira, Cibaliya əl-Baled, Əl-Şücayyə, Əd-Derec və Əl-Zeytun bölgələrində hücumlarını gücləndirəcək və genişləndirəcək.
Adraee fələstinlilərə “təcili olaraq bu əraziləri boşaltmağı və qərbə doğru hərəkət etməyi” əmr edib.
İsrail ordusu bundan əvvəl Qəzzanı daimi olaraq işğal etmək üçün “Gideonun arabaları” adlı qurudan hücuma başladığını elan etmişdi.
İsrail ordusunun Qəzza zolağının işğalını genişləndirmək və daimi etmək planına fələstinlilərin Qəzzanın cənubundakı həbs düşərgələrinə deportasiya edilməsi daxildir.
Ötən həftə İsrail mediası ordunun iki ay ərzində Qəzzanın 75 faizini işğal etməyi planlaşdırdığını bildirib.
Orxan