Gənclərdə mütiliyin ilkin əlamətləri - Orxan Saffari yazır...

Əlbəttə, gənclik illəri həm də səhv etmək üçündür. Daha dəqiq demək olarsa, hər yaşın öz səhvi var. 

Xüsusi ilə gənclik illərinin səhvləri, məcburiyyətləri düşüncə etibarı ilə daha çox bağışlanan və başadüşüləndir.

Ancaq elə səhvlər var, onlar əslində, səhv yox, seçimdir.

Məsələn, bir universitet tələbəsinin etirazçı ruhda olmaması, universitetdə baş verən haqsızlığa səs çıxarda bilməməsi, klassik olaraq başını aşağı salaraq dərsini oxuması haradasa, necəsə başadüşələndir və bunun bir adı da seçimdir.

Ancaq bunun əvəzinə Tələbə Gənclər Təşkilatı adlı mənasız, konyuktur yerdə təmsil olunmaq, rektorluğa yaxın olmaq istəyi, tədbirlərdə çöplətmək, haqsızlığa dolayısı ilə və ya birbaşa haqq qazandırmaq ən yaxşı halda ayıbdır.

Adətən, bir gənc, bir tələbə olduğu bu məqamdan utanmalı, qızarmalı olsa da, Azərbaycan universitetlərindəki əksər tələbələr “müstəsna həyasız”lıqla fəxr edirlər və bunun da məcburiyyətlə heç bir əlaqəsi yoxdur.

Demək, bu, həm də təbiət, bəlkə də, genetik məsələdir və Azərbaycanda insanlar əksərən son çıxış yolunu elə yaltaqlıqda, qorxaqlıqda, susmaqda və fürsət düşən kimi əclaflıq etməkdə görürlər.

Əks halda, özünə hörmət edən bir insan, əziləcəyini, çirklənəcəyini bildiyi bir yerdə niyə qərar tutmaq istəsin?

Yaxud da, əslində məcburi, üzdə isə “Könülü” adı ilə tədbirlərdə kölə fəaliyyəti göstərmək, buna bir gəncin özünün belə can atması mütiliyin ilkin əlamətləri deyilmi?

İnsan “gələcək karyera” düşüncəsi ilə niyə qarşılığını görmədiyi bir yerdə işləsin, özünü əzdirsin?

Əslində, gələcəyin əclaf məmurları, nadan səlahiyyət sahibləri bu və ya bu cür şeylərlə yetişir, yetişdirilir.

Bu gün əksər yaltaq, qorxaq, nadan insanın keçmişində əksərən konyuktur fəaliyyətlər dayanır.

Məsələn, bu cür fəaliyyətləri olan hansısa gəncə sual versən, söz yox, özlərini təmizə də çıxartmağa çalışacaqlar, “Burada olub nə edirəm ki?” intonasiyası ilə adamın üzünə də durarlar, ancaq o gənc simada, o gözəl gözlərdə, o yaraşıqlı baxışlarda nadanlıq hiss edilmir deyil.

Biri var, aldadılmaq, biri də var, özünü aldatmaq.

Məhz Azərbaycanda əksər insanlar çirkin əməllərinə, məqamlarına “Məcburiyyət, səhv, bilməzlik” kimi adlar qoyaraq özlərini aldadırlar.

Belə bir gəncliklə gələn gələcək, əslində, gəlməsə də olar. 

Orxan Saffari

Gununsesi.info