
NASA-nın Chandra rentgen teleskopu eyni vaxtda həm radio dalğaları, həm də rentgen şüaları yayan görünməmiş kosmik obyekt aşkar edib. Bildirilib ki, siqnal hər 44 dəqiqədən bir təkrarlanır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Süd Yolu qalaktikasında təqribən 15.000 işıq ili uzaqlıqda yerləşən ASKAP J1832-0911 adlı obyekt hər 44 dəqiqədən bir təxminən iki dəqiqə davam edən radiasiya partlayışı yayır.
Bu müntəzəm, uzun intervallı siqnallar həm radio, həm də rentgen dalğa uzunluqlarında müşahidə edilmişdir. Belə obyektlər elmi ədəbiyyatda “uzunmüddətli keçid mənbələri” (LPT) kimi təsvir olunur.
Bu, yüksək enerjili rentgen şüaları və aşağı enerjili radio dalğaları ilə eyni vaxtda partlayan LPT-nin ilk qeydə alınmış müşahidəsidir. Bu kəşfin LPT-lərin sirli təbiətini və siqnalların necə əmələ gəldiyini anlamaqda dönüş nöqtəsi ola biləcəyi düşünülür.
Kəşfə rəhbərlik edən Curtin Universitetinin tədqiqatçısı Zieng (Andy) Wang açıqlamasında “Bu obyekt əvvəllər gördüyümüz heç bir şeyə bənzəmir” deyib. LPT-lərin ilk dəfə 2022-ci ildə kəşf edildiyini bildirən tədqiqatçılar bu günə qədər 10 fərqli LPT-nin təsbit edildiyini, lakin ASKAP J1832-0911-in hamısından fərqli olduğunu vurğulayırlar.
Orxan