
İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, məktubun mətnini təqdim edir:
“Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. İndoneziya bu mühüm tarixi Azərbaycanla birgə qeyd edir və ölkənizin inkişafla bağlı əldə etdiyi nailiyyətləri, həmçinin regional və beynəlxalq sülhə töhfələrini yüksək qiymətləndirir.
İndoneziya və Azərbaycan qarşılıqlı hörmət, ortaq dəyərlər və konstruktiv dialoqa sadiqlik əsasında qurulan səmimi və inkişaf edən tərəfdaşlığa malikdir. Müxtəlif mədəni irslər və ümumi istəklərlə zənginləşən ölkələr kimi bir sıra sahələr üzrə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək üçün böyük potensial mövcuddur. Əminəm ki, ölkələrimiz arasında dostluq və həmrəylik gələcək illərdə də inkişaf edəcəkdir.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.