
Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və islamofobiyaya qarşı tutduğu prinsipial mövqe bütün dünya üçün nümunəvidir.
Gununsesi.info xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyev bu mənəvi irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə daim yüksək səviyyədə dəstəklənib. Prezident İlham Əliyevin İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı addımlar digər İslam ölkələri üçün nümunə təşkil edir.
Eyni zamanda, Ermənistanın İslam mədəniyyətinə qarşı illərlə davam edən nifrəti konkret faktlarla sübuta yetirilib. Qarabağda işğal dövründə məscidlərimizin dağıdılması, müqəddəs dini abidələrimizin təhqir olunması, heyvan saxlanılan ibadət ocaqları – bütün bunlar Ermənistanın İslama qarşı düşmən mövqeyinin əyani sübutlarıdır. Bu vandalizm aktları artıq beynəlxalq platformalarda da sənədləşdirilib və təqdim edilib”, – deyə şeyxülislam əlavə edib.
A.Paşazadənin sözlərinə görə, Ermənistan təkcə dini abidələri məhv etməklə kifayətlənməyib, eyni zamanda, müsəlman azərbaycanlıların kütləvi şəkildə öz yurd-yuvalarından didərgin salınmasına, qırğınlara və təzyiqlərə səbəb olub. Bu faktlar Ermənistanın revanşizmə kökləndiyini və sülhə deyil, qarşıdurmaya xidmət etdiyini açıq şəkildə göstərir.