
Bu gün Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans başlayır.
Gununsesi.info xəbər verir ki, tədbir Beynəlxalq Multikulturalizm Mərkəzi (BMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Təşəbbüs Qrupunun (BTQ) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin məqsədi islamofobiya ilə bağlı beynəlxalq və milli səviyyədə müşahidə olunan narahatedici tendensiyaların müzakirəsi və bu istiqamətdə elmi yanaşmaların ortaya qoyulmasıdır.
Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə tədbirə 100-dən çox xarici qonaq qatılır.
Konfrans çərçivəsində “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellektin rolu”, “Qadınlar, kimlik və stereotiplər”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması”, “İslam mədəni irsinin qorunması” və “Gənclərin inklüzivliyə çağırışı” mövzularında panel müzakirələri aparılır.
Konfransın xarici tərəfdaşları arasında G20 Dinlərarası Forumu (IF20), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA – Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu yer alır.