
Pandemiya dövründə keçirilən sadə və azsaylı toylar bir çoxlarına həm qəribə, həm də mənasız görünürdü. Lakin bu mərasimlər israfçılığın, səs-küyün və görüntü naminə edilən süni abartıların qarşısını qismən də olsa almışdı.
Buna baxmayaraq, cəmiyyətin bir hissəsi üçün toy yalnız ailə qurmaq deyil, eyni zamanda güc, imkan, var-dövlət nümayişi və sanki bir yarışma meydanıdır.
Belə düşüncəyə görə, toy elə olmalıdır ki, orada səsdən qulaq tutulmalı, qonaqlar tanımadığı insanlarla eyni masada oturmalı, yeməklərdən gəlin paltarına qədər hər şey “göz qamaşdırmalıdır”.
Bəs bu yanaşma ailə dəyərləri ilə nə qədər uzlaşır? Yoxsa biz artıq “toy” anlayışını öz mahiyyətindən uzaqlaşdırmışıq?
Mövzu ilə bağlı Gununsesi.info -ya açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, bu gün keçirilən mərasimlərə “toy” demək düzgün deyil.
O qeyd edib ki, bu mərasimlərin Azərbaycan toyu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur:
“Buna başqa bir ad tapmaq lazımdır – nə olduğunu bilmirəm, amma bir ad fikirləşsinlər. Bu, sadəcə olaraq, çox biabırçı bir mərasimdir. Hədsiz hoqqabazlıqlar, müxtəlif dəbdəbə, görməmişlik elementləri, özünü göstərmək meyli, dəhşətli israfçılıq və saysız-hesabsız oyunlardan ibarət qəribə bir məclisdir. Yəni bunun nə tarixi əsası var, nə mənəvi, nə sosial, nə də milli dəyəri.
Bu, artıq tamam başqa bir mərasimdir. Bizim toylarımız isə tarixən, qədimdən bu günə məlum və formalaşmış dəyərlərə əsaslanır.
Sovet dövründə toylarımız çox sadə, normal və mədəni şəkildə keçirilirdi. Ondan əvvəlki dövrlərdə də toylar rahat, sadə və el şənliyi formasında, mədəni çərçivədə baş tuturdu.
Amma indiki “toy” adlandırılan mərasimlər Azərbaycanın milli-mənəvi irsinə, mədəniyyətinə və milli dəyərlərinə heç bir aidiyyəti olmayan tədbirlərdir. Bu, dəhşətli və analoqu olmayan bir mərasimdir. Burada ailə qurulması məsələsi arxa plana keçir.
Əslində toy mərasimi, ailənin qurulmasının yaxın adamlarla birlikdə qeyd olunması deməkdir. Lakin bugünkü mərasimlərdə ailə məsələsi kölgədə qalır, tamam başqa mövzular ön plana çıxır.
Toy mərasimi yalnız yaxın qohumların və dostların iştirakı ilə keçirilə bilər. Burada nikah mərasimi təşkil olunmalı, ürək sözləri deyilə bilər, yüngülvari yemək-içmək, musiqi və oynamaq da normal qaydada baş tuta bilər.
Qalan bütün hoqqabazlıqlar isə toya heç bir aidiyyəti olmayan, sadəcə əyləncə məqsədli, süni və qeyri-milli tədbirlərdir. Son dövrlər toylarımızda milli mahnılara demək olar ki, rast gəlinmir. Hətta “Vağzalı” belə dəyişdirilib. Onların yerini xarici mahnılar, estrada, küçə musiqiləri və müxtəlif bayağı səslər tutub. Bunlarla yanaşı, saysız-hesabsız hoqqabazlıqlar müşahidə olunur”.
Sosioloq deyib ki, bu gün keçirilən toy mərasimləri, əslində, böyük bir biznes strukturuna çevrilib:
“Məqsəd yalnız toy sahibini daha çox pul xərcləməyə vadar etməkdir. Nəticədə bir çox ailələr borca, sələmə düşür və maddi baxımdan ağır vəziyyətlər yaşayırlar.
Maraqlıdır ki, dəbdəbəli və şou xarakterli toyların əksəriyyəti sonradan boşanma ilə nəticələnir. Halbuki sadə və səmimi keçirilən mərasimlər uzunömürlü və möhkəm ailələrin təməlini qoyur. Bu, mənim şəxsi müşahidəmdir və bunu dəfələrlə görmüşəm.
Normal toy, dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də sadə, mənalı və ailə dəyərlərinə əsaslanan formada təşkil olunmalıdır. 20-30, maksimum 100 nəfərin iştirakı ilə, yaxın qohumlar və dostların bir araya gəldiyi, səmimi, təbii bir mərasim olmalıdır. Bəylə gəlin təbrik edilir, ürək sözləri deyilir, həzin musiqi səslənir, yüngül qəlyanaltılar verilir və mərasim bir neçə saat ərzində yekunlaşır.
Təəssüf ki, bu ənənə bizdə artıq cızığından çıxıb. Mərasimlər tamam biabırçı vəziyyətə gəlib və bugünkü “toyların” Azərbaycan mədəniyyəti, milli-mənəvi irsi ilə heç bir əlaqəsi qalmayıb. Toylar getdikcə süni, şou xarakterli, israfçılıqla dolu və mənəviyyatdan uzaq formaya düşür.
İnsanlar ailə qurarkən maddi deyil, mənəvi dəyərlərə üstünlük verməlidirlər. Maddi zənginlik nümayiş etdirmək, özünü başqalarına göstərmək, çoxlu pul xərcləyib diqqət çəkməyə çalışmaq ailəyə heç bir fayda vermir – əksinə, zərər vurur, xüsusilə də maddi baxımdan.
Bu gün toy mərasimləri əsasən musiqi, dekorasiya, foto-video çəkiliş və iaşə sahələrində xidmət göstərən sahibkarlar üçün gəlir mənbəyinə çevrilib. Qazananlar yalnız onlardır, amma ailə bu dəbdəbənin yükünü uzun illər boyu daşımaq məcburiyyətində qalır.
Üstəlik, bu məclislərdə yüksək səsli musiqi ilə sanki bir növ “akustik terror” yaradılır, insanların baş-beyni yorulur. 50-60 növ yemək, üçmərtəbəli süfrələr, saysız-hesabsız israfçılıq həm mənəvi, həm dini baxımdan qəbuledilməzdir. Ailə qurmağa borcla başlamaq özü də ayrı bir problemdir və bu, həm də günah sayılır”.
Elçin Bayramlının fikrincə, bütün bu amillər nəticə etibarilə Azərbaycan toy ənənəsini və toy mədəniyyətini ciddi şəkildə zədələyib:
“Bu, artıq toy deyil – buna başqa bir ad qoymaq lazımdır. Normal yanaşma odur ki, insanlar ailə qurarkən sadəcə nikah bağlayıb, yaxın ətrafın iştirakı ilə sadə və səmimi bir mərasim keçirsinlər.
Dəbdəbədən uzaq, minimum maddi xərclə, bahalı cehiz və ləvazimatsız, təbii şəkildə həyatlarına başlasınlar. Əslində, bu, sağlam düşüncəli insanların seçimi olmalıdır.
Çox mənfi bir tendensiya formalaşıb. Bəzi insanlar bunu dəb halına gətirir və getdikcə daha da cızığından çıxır. Toy mərasimləri günbəgün daha şişirdilmiş və ifrat xərcli xarakter alır. Artıq vəziyyət o həddə çatıb ki, gənclər evlənməkdən çəkinir – çünki bir toyun xərci 30-40, bəzən 50 min manata qədər yüksəlir. Bu isə əhalinin böyük əksəriyyəti – yəni təxminən 80 faizi üçün əlçatmazdır.
Nəticədə, bu hal evliliklərin qarşısını alır. Borc götürüb toy edən cütlüklər uzun illər kredit ödəməyə məcbur qalır. Bu da ailə daxilində narazılıqlara, maddi və mənəvi problemlərə gətirib çıxarır. Belə olan halda toy, ailənin təməlini qoymaq əvəzinə, ona zərər vermiş olur”.
Şəbnəm Rəhimova