Filosoflar yazıçıları niyə sevmir? - Orxan Saffari yazır...

“Sənət iqtidarın fahişəsidir” deyimindən yola çıxsaq, tarixən filosofların yazıçıları sevmədiyinin, daha dəqiq, ədəbiyyatı çox da ciddi sənət hesab etməməklərinin şahidi olmaq olar.

Məsələn, Platon yazıçı və şairləri dövlət idarəçəliyində görmək istəmir, onların xalqı azdıracağını hesab edirdi.

Nitşe ədəbiyyatın həqiqətləri ört-basdır etdiyini düşünürdü.

Ümumiyyətlə, az qala bütün filosofların ədəbiyyatla bağlı mənfi düşüncələri zaman-zaman özünü göstərib.

Doğrudur, eyni zamanda həm filosof, həm də yazıçı olanlar da var idi.

Məsələn, Sartr, Kamyu və.s.

Bəs səbəb nədir? Niyə belə olub?

Məsələ budur, “səbəb nədir?” sualı özü filosoflara yaddır. Yəni, yazıçı, adətən, sual verir, filosof isə cavabı deyir.

Filosof emosional düşüncənin və ruhun, ağıla, idraka yad olduğunu, idarəçilikdə yararsız olduğunu hesab edir.

Filosoflar məntiq tərəfdarıdır, yazıçı üçün isə bu, bir o qədər də vacib deyil və romantizm tərəfdarıdır.

Filosoflar yazıçıları əl-əxsus siyasətdə sevmirlər, onların sabitqədəm olmadıqlarını vurğulayırlar.

Məsələn, filosof tarixən yazıçının təsir edə bildiyi kütləyə diktaturanı, diktatoru sevdirə biləcəyini hesab edir.

Əslində, yazıçı üçün uyğun olan fəlsəfə daha çox Şərq fəlsəfəsidir. Şərq fəlsəfəsi ümumən romantik fəlsəfədir. Qərb fəlsəfəsi ilə burada ayrılır.

Yazıçın məqsədi oxucuda sual yaratmaqdır, filosofun istəyi yaranmış sualı aradan qaldırmaq.

Filosofun dili sadədir, o, həqiqəti birbaşa çatdırmağın tərəfdarıdır. Yazıçı üçün isə dil çoxqatlı olur, bədii dil imkanları genişdir.

Filosoflar eyni zamanda yazıçıları xaraktersiz(xüsusi ilə siyasətdə)hesab edirlər.

Əslində, ola bilsin, bu narahatlıq bir az da filosofların şəxsi narahatlığıdır.

Fakt budur, yazıçılar istənilən dövrlərdə filosoflardan məşhur olublar, bu da onların kütləyə təsir imkanlarının daha geniş olması deməkdir.

Üstəlik, digər bir psixoloji məqam isə filosofun yazıçı kimi yaza bilməməsidir.

Bəlkə də, bütün məsələ budur: yazıçı ola bilməyən əksərən tənqidçi olduğu kimi, yazıçı ola bilməyən həm də filosof ola bilir.  

Xülasə, indi hər şey dəyişib.

Elə Richard Rortynin dediyi kimi, yazıçılar “Yeni dövrün filosofları” dır.

 

Orxan Saffari

 

Gununsesi.info