Budapeştdə Türk dünyasının səhifəsi yazıldı - Türk dünyası bir araya gəldi

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının mayın 20-21-də Budapeştdə keçirilən Zirvə görüşü tarixi əhəmiyyət daşıyır.

Macarıstan, müşahidəçi üzv statusunda olmasına baxmayaraq, Baş nazir Viktor Orban təşkilatın qeyri-rəsmi zirvə toplantısını Budapeştdə təşkil etdi və ilk “Türk Ailə Məclisi”ni toplayaraq yüksək səviyyəli ev sahibliyi nümayiş etdirdi. Bu, Avropanın mərkəzi sayılan Budapeştdə Türk Ailə Məclisinin ilk toplanması kimi tarixə düşdü.

Baş nazir Viktor Orban 2018-ci ildə Macarıstanın Türk Şurasına müşahidəçi üzv kimi qoşulmasını təmin etdi. 2021-ci ildə Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə Macarıstan təşkilat daxilində üzv dövlət statusu qazandı və ofisini Budapeştdə açdı. Orbanın bu zirvəyə ev sahibliyi etməsi təşkilata verdiyi önəmi və dəstəyi açıq şəkildə göstərdi.

Baş nazir Viktor Orban, Azərbaycanın lideri cənab Prezident İlham Əliyev kimi müstəqil siyasət yürüdən, xalqının və ölkəsinin mənafelərini ön planda tutan cəsur və qətiyyətli liderdir. Budapeşt Zirvəsi Avropa və dünyaya nümayiş etdirdi ki, Orban tək deyil; onun yanında Avropanın fiziki və enerji təhlükəsizliyini təmin edən, zəngin təbii ehtiyatlara malik qardaş ölkələrdən ibarət böyük bir ailə var. Bu zirvə Orbanın nüfuzunu daha da artırdı.

Budapeşt Zirvəsi ilə Brüsselə mesaj verildi: “Siz Özbəkistana gedirsinizsə, biz də Avropanın mərkəzində yerləşən qardaş ölkə Macarıstana gəlirik.”

Cənab Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Azərbaycan Milli Məclisində keçirilən andiçmə mərasimindəki çıxışında Türk Dünyasını “böyük coğrafiya, böyük ərazi” adlandırmışdı. Budapeşt Zirvəsi bu sözlərin nə qədər doğru və yerində olduğunu bir daha sübut etdi. Türk Dövlətləri Qazaxıstandan Macarıstana qədər böyük bir coğrafiyada yerləşir. Moldovada Muxtar Qaqauz Bölgəsinin olduğunu nəzərə alsaq, türk dünyasının coğrafiyasının nə qədər böyük olduğunu daha yaxşı daha yaxşı başa düşərik. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi, iqtisadi və hərbi güclərinə, eləcə də coğrafi mövqelərinin təmin etdiyi regional və qlobal enerji və logistika imkanlarına baxdıqda böyük qürur hissi keçiririk.

Bu baxımdan, təşkilat daxilində Avropanın ən böyük ordusuna, NATO üzvü və NATO-nun ikinci ən böyük ordusuna sahib, G-20 üzvü və Asiya ilə Avropa qitələrini birləşdirən bir Türkiyə mövcuddur.

Türk Dövlətləri Təşkilatı daxilində 10 Avropa ölkəsinin — onlardan 8-i Avropa Birliyi üzvü olmaqla — enerji təhlükəsizliyini təmin edən, Cənubi Qafqazda və yerləşdiyi coğrafiyada getdikcə güclənən, söz sahibi olan və coğrafi mövqeyi ilə açar rolunu oynayan Azərbaycan var.

Təşkilat daxilində NATO və Avropa Birliyi üzvü, güclü və qətiyyətli siyasət yürüdən, hər il təşkil etdiyi Hun-Türk Qurultayı ilə Türk dünyasının birliyinə böyük önəm verən Macarıstan mövcuddur.

Türk Dövlətləri Təşkilatında 2 724 900 kv.km sahəsi ilə dünyanın doqquzuncu böyük ölkəsi olan, zəngin təbii enerji ehtiyatlarına sahib və bölgəsində getdikcə parlayan Qazaxıstan yer alır.

Təşkilat daxilində cənab Şəvkət Mirziyoyevin prezident seçilməsindən sonra bölgədə güclənən, dünya miqyasında nüfuz qazanan, investisiya imkanları təqdim edən, zəngin mədən ehtiyatları və geniş, məhsuldar kənd təsərrüfatı sahələri olan Özbəkistan vardır.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatı daxilində İpək Yolu üzərində yerləşən və Orta Asiyada strateji coğrafi mövqeyə sahib Qırğızıstan da vardır.

Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsinə baxdıqda iki vacib üzvün olmaması diqqət çəkirdi: biri Türkmənistan, digəri isə Şimali Kipr Türk Cümhuriyyətidir (ŞKTC). Qardaş Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv olması böyük əhəmiyyət kəsb edir.

Türk Dövlətləri Təşkilatı hərbi ittifaq və ya NATO kimi müdafiə təşkilatı deyil. TDT eyni soy, mənşə, tarix, mədəniyyət və dil birliyinə, ortaq dəyərlərə əsaslanaraq qurulmuşdur. Struktur etibarilə TDT, Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi bir təşkilatdır.

Türkmənistanın Türk Dövlətləri Təşkilatına ən qısa zamanda üzv olması gözlənilir. Türkmənistanın üzvlüyü təşkilata əlavə güc qatacaq.

Digər əhəmiyyətli üzv isə Türk Dünyasının vacib hissəsi olan Şimali Kipr Türk Cümhuriyyətidir (ŞKTC). ŞKTC, Şərqi Aralıq dənizindəki strateji mövqeyi ilə bu bölgədə Türk qalası funksiyasını yerinə yetirir.

Əsasən BMT və Aİ-nin tətbiq etdiyi ədalətsiz və haqsız qərarlar səbəbindən ŞKTC təcrid vəziyyətindədir. Qardaş ölkələrin bu ədalətsizliyi görərək Şimali Kipr Türk Cümhuriyyəti ilə sıx əməkdaşlıq etmələri və yaxın gələcəkdə onu tanımaları gözlənilir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr Şərq ilə Qərb arasında beynəlxalq yollar üzərində yerləşdikləri üçün Avropa, Asiya və Afrika qitələrinə mühüm logistika imkanları təmin edir. Bu çərçivədə, Türkiyə və Azərbaycanın birgə əməkdaşlığı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars İpək Dəmir yolu Pekini Londonla birləşdirən əsrin ən önəmli nəqliyyat layihələrindən biridir. Bu layihə təqdim etdiyi imkanlar nəzərə alındıqda bölgədə və dünyada Türk Dövlətləri Təşkilatına böyük nüfuz qazandırır.

Bu münasibətlə mən Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının institutlaşdırılmasında oynadığı tarixi rolu xatırlatmaq istərdim.

Türk dövlətləri müstəqilliklərini elan etdikdən sonra liderlər qeyri-müntəzəm şəkildə bir araya gəlirdilər. 2009-cu ildə mən Azərbaycanda səfir işləyirdim. Cənab Prezidentin təşəbbüsü və dəvəti ilə 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilən Türk dövlətləri zirvəsində Naxçıvan Müqaviləsi imzalanaraq Türk Şurası yaradıldı. Beləcə, Cənab Prezidentin təşəbbüsü nəticəsində Türk dövlətləri liderləri müntəzəm aralıqlarla görüşməyə başladılar.

İkinci Qarabağ Müharibəsindən sonra Türk Şurası 2021-ci ildə Türk Dövlətləri Təşkilatına çevrildi. Türk dövlətlərinin liderlərinin Bakıda deyil, türk qapısı olan Naxçıvanda bir araya gəlməsi dərin baxışın göstəricisidir.

Bundan əlavə, rəsmi zirvə xaricində Türk Dövlətləri Təşkilatı liderlərinin hər il qeyri-rəsmi zirvə keçirməsi təklifi də Cənab Prezident tərəfindən irəli sürülüb.

Beləliklə, Türk Dövlətləri liderlərinə ildə iki dəfə görüşmək imkanı yaradılmışdır.

2009-cu il oktyabrın 3-də Naxçıvandan başlayan səyahət mayın 21-də Budapeştdə davam etmişdir.

Gələcəkdə Türk dövlətləri arasında ticarətin artması, gömrük birliyinin yaradılması, TDT ərazisində insanların şəxsiyyət vəsiqələri ilə sərbəst hərəkət etməsi və TDT coğrafiyasının vahid bazara çevrilməsi gözlənilir. İqtisadi güc çox vacibdir. İqtisadi güc olmayanda siyasi güc də olmur. İqtisadi güc artdıqca, siyasi güc və nüfuz da artacaq.

Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənən iqtisadi qüvvəyə çevrilmişdir. Bu təşkilat ortaq soy, mənşə, tarix və dil birliyinə əsaslanır, heç bir ölkəyə qarşı deyil və heç bir ölkəyə təhlükə yaratmır. Təşkilat sülh, əməkdaşlıq və yaxşı qonşuluq prinsipini dəstəkləyir. Bu, Rusiya və Ukrayna münaqişəsində TDT üzvü ölkələrin neytral mövqeyi ilə aydın görünür.

Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi və hərbi sahələrdə regional gücə çevrilmiş, sülh, enerji təhlükəsizliyi və inkişaf istiqamətində əhəmiyyətli rol oynamağa davam edir.

Üzv dövlətlərin birgə səyləri və əməkdaşlığı nəticəsində TDT gələcəkdə dünyada söz sahibi və nüfuzlu qlobal güc mərkəzinə çevriləcəkdir.

Bunun üçün ortaq siyasi, iqtisadi və hərbi iradə mövcuddur və bu iradə hər il daha da güclənir.

Bu ilin sonunda Azərbaycanda keçiriləcək rəsmi zirvə təşkilat üçün yeni güc və səviyyə yaradacaqdır.

 

21-ci əsr Türk əsri olacaq.
Gücümüz birliyimizdədir, birliyimiz gücümüzdür.
Nə xoş türkəm deyənə!

 

26 may 2025
Hulusi Kılıç
T.C. Azərbaycanın keçmiş səfiri
İMZA İB-nin Türkiyə nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu
İdarə Heyəti üzvü

 

Gununsesi.info