
Qəsdən adamöldürmə ittihamı ilə 4 ilə yaxın həbsdə saxlanılan Polad İsmayılov 10 ay öncə bəraət alıb azadlığa buraxılsa da, prokurorluq bu hökmdən protest vermişdi.
Gununsesi.info xəbər verir ki, sözügedən işə oktyabrın 23-də Ali Məhkəmədə həm prokurorun protestinə, həm də zərərçəkmiş tərəfin hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.
Belə ki, prokurorun iddialarına görə, 61 yaşlı Seyran Əyyubovanı Polad İsmayılov öldürdüyündən onun haqqında Şəki Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü əsassızdır.
Bu səbəbdən, Ali Məhkəmə bəraət hökmünü ləğv etməli, işi yenidən araşdırılması üçün geri qaytarmalıdır.
Polad İsmayılovun vəkili Zabil Qəhrəmanov isə prokurorun bu cür protestini əsassız sayır.
O, müdafiə etdiyi Polad İsmayılovun əsaslı sübutlar olmadan 4 ilə yaxın həbsdə saxlandığını vurğulayaraq cinayət işinin materiallarındakı ziddiyyətli məqamları Ali Məhkəmə hakimlərinin diqqətinə çatdırıb:
“İttiham tərəfi Polad İsmayılovun ifadəsinə istinad edir. Adam özü bildirir ki, həmin ifadə ondan işgəncə altında alınıb. İfadəsində deyir ki, “öldürdüyüm bıçağı çaya atdım”. Amma bıçaq evdə kranın altından tapılır. Evdən qatilin qanı tapılıb. Amma hadisədən sonra Polad İsmayılov ekspertizadan keçirilib, üstündə heç bir xəsarət olmayıb. Xəsarət olmayıbsa, deməli, oradakı qan da onun qanı ola bilməzdi”.
Bildiririk ki, Ali Məhkəmənin hakimləri də bəraət hökmünün əsaslı olduğu düşünərək onun qüvvədə saxlanmasına qərar veriblər.
Vəkil Zabil Qəhrəmanov AzadlıqRadiosuna Ali məhkəmənin artıq yekun qərarını verdiyini bildirib.
Bundan sonra o, müdafiə etdiyi şəxsin qanunsuz həbsdə saxlandığı dövrdə özünün və ailə üzvlərinin çəkdiyi maddi-mənəvi əziyyətlərə görə təzminat almaqdan ötrü məhkəmədə iddia qaldıracaq:
“Bu, təqsiri olmadığı halda cəzalandırılan hər bir şəxsin, o cümlədən Polad İsmayılovun da hüququdur. Yəqin ki, o, bu hüququndan istifadə edəcək. Təqsirsiz adamı bir gün, bir saat da həbsdə saxlamaq olmaz. 4 il sözdə asan gəlir. Ölüm kimi ağır cinayətdə ittiham olunmağın mənəvi tərəfi də var…”.,- deyə vəkil bildirib.
Qeyd edək ki, 4 il həbsdə saxlanılan, sonra isə bəraət alan Polad İsmayılovun 50 yaşı var. O, 2011-ci ilin fevralında Zaqatalada Seyran Əyyubovanı qətlə yetirməkdə günahlandırılıb. Belə ki, 61 yaşlı mərhum Seyran Əyyubova evində günlük kirayənişin saxlayırmış, yük maşınının sürücüsü işləyən və Zaqataladakı daş bazarına gedib-gələn Polad İsmayılov da onun evində dəfələrlə qalıb.
Polad İsmayılov sözügedən hadisədən 9 il sonra – 2020-ci ilin fevralında həbs edilib. Əvvəlcə ona polisə müqavimət ittihamı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 10 sutka həbs cəzası kəsilib. Sonradan Seyran Əyyubovanın qətlində günahlandırılıb və iddia edilib ki, Polad İsmayılov inzibati həbsdə olduğu müddətdə məktub yazaraq 9 il öncə törətdiyi cinayətə görə vicdan əzabı çəkdiyini və indi etiraf etdiyini göstərib.
Məhz buna görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2020-ci ildə ona 11 il həbs cəzası kəsilib. Şəki Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb, ancaq ötən ilin mayında Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib, bu işdə çoxsaylı ziddiyyətlər olduğu əsas gətirilərək yenidən araşdırılmaq üçün iş apellyasiya instansiyasına qaytarılıb.
Onu da vurğulayaq ki, Polad İsmayılov Şəki Apellyasiya Məhkəməsindəki təkrar araşdırmalar zamanı 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaqdan ötrü onu qurban seçiblər.
O, cinayətin işgəncə, təhdid yolu ilə boynuna qoyulduğunu bildirib:
“Əl-ayağımı skoçladılar, o qədər döydülər, deyiləsi deyil. Gördülər, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm?! Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla necə həyata davam eləyim, ona görə razılaşdım…”.